“Mən heç özümdən razı deyiləm, qaldı ki, onlardan razı olum…”

“Tələbə birdən-birə yetişib tələbə olmur. Onun üstündə əziyyət çəkirsən. Bir də görürsən bir notu tuta bilmir. 10 dəfə təkrar edirsən. Buna müəllimin səbrli, təmkinli olmağı lazımdır. Allah gənclərimizi qorusun, nə yaxşı ki, onlar var”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zabit Nəbizadə deyib. O daha sonra əlavə edib.

“Gələcək nəsillərimizi maarifləndirmək bizim borcumuzdur. Üzeyir Hacıbəylinin bir sözü var. O deyib ki, “istedadlılara yol açın, istedadsızlar onsuz da özlərinə yol tapacaq”. Bu həqiqətən də belədir. İstedadlı uşaqlara yol açmaq lazımdır, çünki onlar özlərinə çətin yol taparlar. İstedadı olan uşaqların abır-həyası, mədəniyyəti var. İstedadlıları qabağa çəkmək lazımdır. Tələbələrimin hər çıxışı mənim üçün xoşdur. Bəzən mənə sual verirlər ki, onlardan razısınız? Deyirəm ki, mən heç özümdən razı deyiləm, qaldı ki, onlardan razı olum” deyə sənətkar bildirib.

 

Zabit Nəbizadə muğama olan dövlət dəstəyindən də danışıb.

 

“Vaxt var idi ki, mən xarici ölkələrdə festivallara gedib qatılırdım. O zaman bizdə indiki kimi imkanlar, şərait yox idi. Heç festivallar, böyük tədbirlər də keçirilmirdi. Həmişə arzu edirdim, o hisslərlə yaşayırdım ki, niyə bizim ölkədə bunlar yoxdur?! Çox sağ olsun, Mehriban xanım! O muğam sənətinə o qədər böyük diqqət göstərdi ki, artıq dünya ölkələrindən bizim ölkəmizə gəlib festivala qatılırlar. Artıq festivallarımız Şuşada, işğaldan azad olunmuş ərazilərdə baş tutur. Şuşa mədəniyyət beşiyimizə çevrilib” deyə sənətkar bildirib.

 

“Sizin gənclik dövrünüzdəki gənclərlə indiki gənclik çox fərqlənir?” sualına isə xalq artisti belə cavab verib.

 

“Mən kənddə böyüyən bir uşaq idim. Təbii ki, kənd həyatı ilə şəhər həyatı bir deyil. Hər dövrün öz gəncliyi olub. O vaxtın öz marağı var idi, indinin başqa. O vaxt nə internet var idi, nə də ki, telefon. Qaçıb ya futbol, ya da teldən araba düzəldib oynayırdıq” deyə xanəndə bildirib.

Mənbə

Share: