“Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm…” 

Az gülün, çox ağlayın!..

 

“Onun bu dərəcədə həssas olması Rəbbini çox yaxşı tanımasından qaynaqlanırdı. Buna əsasən də: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz” deyirdi…”

 

Əbu Zərr Əl-Qifarinin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  belə buyurur:

 

إِنِّي أَرَى مَا لَا تَرَوْنَ، وَأَسْمَعُ مَا لَا تَسْمَعُونَ أَطَّتِ السَّمَاءُ، وَحُقَّ لَهَا أَنْ تَئِطَّ مَا فِيهَا مَوْضِعُ أَرْبَعِ أَصَابِعَ إِلَّا وَمَلَكٌ وَاضِعٌ جَبْهَتَهُ سَاجِدًا لِلَّهِ، وَاللَّهِ لَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا، وَمَا تَلَذَّذْتُمْ بِالنِّسَاءِ عَلَى الفُرُشِ وَلَخَرَجْتُمْ إِلَى الصُّعُدَاتِ تَجْأَرُونَ إِلَى اللَّهِ، لَوَدِدْتُ أَنِّي كُنْتُ شَجَرَةً تُعْضَدُ

 

“Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm. Səma uğuldadı, uğuldamaq da ona haqq oldu. Səmada dörd barmaq sığacaq qədər boş yer yoxdur. Hər tərəfdə Allaha səcdə üçün alnını qoymuş bir mələk vardır. Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız; yatdığınız yataqlarda qadınlardan ləzzət almağı tərk edər; yollara, çöllərə tökülər, (başınızdakı bu bəlanı dəf eləməsi üçün) Allaha yalvar-yaxar olardınız.”

 

(Əbu Zərr (r.a) bunun sonunda “Kaş çıxarılan ağac olaydım.”[1] Əvvəla, bunu qeyd etmək yerinə düşərdi ki, insan Allahdan bildiyi, tanıdığı qədər qorxur və Onun mərhəmətinə ümidlə bağlanır. Həmçinin tanıdığı, dərk etdiyi qədər Cəhənnəm qorxusu daşıyır və bildiyi qədər Cənnət arzusu ilə qanad açır. Yəni nəticə etibarilə, hər şey insanın biliyindən və işin əslini dərk etməsindən asılıdır.

 

Şübhəsiz ki, Peyğəmbərimiz (s.ə.s) bizim bilmədiyimiz çox fərqli şeyləri bilirdi. Əvvəla O (s.ə.s), Allahın əzəmətini çox yaxşı dərk edirdi. Buna görə də Ondan bir xəbərdarlıq gəlməsindən çox qorxurdu.[2] Bəzi mövzularda xəbərdarlıq edən ayələr nazil olunca rəngi-ruhu qaçır, saralıb-solurdu.[3] Onun bu dərəcədə həssas olması Rəbbini çox yaxşı tanımasından qaynaqlanırdı. Buna əsasən də: “Bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz” deyirdi.

 

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ. يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُمْ بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

 

“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli (körpəsi olan) qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görə­­cəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.” (Həcc surəsi, 22/1-2) Bizim mənasını çox dərk etmədən oxuyub keçdiyimiz bu qəbil ayələr iman abidəsi olan Allah Rəsulunun (s.ə.s) qəlbində dərin rəşhalar acırdı.

 

Bəzi rəvayətlərdə Allah Rəsuluna (s.ə.s) Cənnət və Cəhənnəmin göstərildiyi anlayırıq. Məsələn bir dəfə camaata namaz qıldırarkən birdən-birə irkilib durduğu yerdən geri çəkilmiş, rəngi-ruhu avazımış, qeyri-müəyyən hərəkətlər etməyə başlamışdı. Səhabə bunun nə mənaya gəldiyini soruşduqda, “O, Cəhənnəm dəhşətli şəkildə qarşımda canlandı, indiyə qədər onu bu qədər qorxunc görməmişdim” – demişdi.[4] Allah Rəsulunun (s.ə.s) Cəhənnəm həqiqətlərini görməsi Onun pak qəlbində ümmətinə görə ciddi qorxu və narahatlıq hasil etdirdi. Bir dəfə də Peyğəmbərimiz (s.ə.s) əlini bir şeyə doğru uzatmışdı. Səhabə bu hərəkətin nə mənaya gəldiyini soruşduqda buyurdu: “Cənnət gözüm qarşısında gətirildi, (orada) bir üzüm salxımı gördüm. Əgər onu qoparıb sizə versəydim, bu qədər vaxta qədər yesəniz də, qurtara bilməzdiniz”.[5]

 

(Davamı var)

 

Mənbələr və izahat:

 

[1] Bu çox məşhur hədisdir. Demək olar kı, Əbu Davud xaric məşhur hədis kitabların hamısında keçir. Buxari, Küsuf 2, Təfsir (5) 12, Nikah 107, Riqaq 27, Qədər 16, Eyman 3; Müslim, Salat 112, Fəzail 134; Tirmizi, Zühd 9, İbn Macə Zühd 19; Əhməd ibn Hənbəl, əl-Müsnəd 3/102. Bu hədisi həmçinin  Əbu Hüreyrə, Hz. Aişə, Enes ibn Malik və Abdullah ibn Abbas (Allah hər birindən razı olsun) da rəvayət etmişdir.

 

[2] Tirmizi, Təfsir (56) 6; Münavi, Feyzul-Qədir 4/169.

 

[3] Baxın Ənam surəsi, 6/52; Ənfal surəsi, 8/67-69; Tövbə surəsi, 9/43; İsra surəsi, 17/73-75; Kəhf surəsi, 18/2; Əhzab surəsi, 33/37

 

[4] Müslim, Fədail 37, Salat 25

 

[5] Müslim, Küsuf 9; Nəsəi, Küsuf 20; Əhməd ibn Hənbəl, el-Müsnəd 3/352, 5/137.

 

Meneviyyat.az

Mənbə

Share: