Magistratura üçün boş qalan yerlərə qəbul başladı

Magistratura üçün boş qalan yerlərə qəbul başladı

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün Avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.

Milletinsesi.az xəbər verir ki, bu barədə DİM məlumt yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisaslaşma seçiminə magistraturaya 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş  müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 30 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.https://abiturient.az/wolt Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Share: