26 iyul 1938-ci ildə “NKVD” başçısı Nikolay Yejov “1-ci kateqoriya” üzrə (güllələnmə) repressiya olunacaq şəxslərin növbəti siyahısını İosif Stalinə təqdim edəndə Vyaçeslav Molotov və Anastas Mikoyan da həmin görüşdə olublar. Siyahıda 138 nəfərin adı yer alıb. Stalin adlara nəzər yetirdikdən sonra siyahını Molotova verib. Molotov da gülələnəcək şəxslərə heç bir etiraz bildirməyib. Stalin birinci səhifənin başlığına dərkənar qoyub: “İcra edilsin”. Bu məqamda siyahını nəzərdən keçirən Mikoyan bu işin ona aidiyyatı olmasa da müdaxilə edib:
– İosif Vissarionoviç, məncə, bu siyahıda olanlardan bir nəfər haqqında məlumatlar düzgün toplanmayıb.
Bir az xahiş, bir az da irad formasında deyilən bu söz Yejovun xoşuna gəlməsə də, “NKVD” rəhbəri susmağa üstünlük verib. Stalin isə Mikoyanın fikrini öyrənməyi lazım bilib:
– Anastas, kimi nəzərdə tutursan?
– Yoldaş Stalin, Aleksandr Bekzadyanı. O, partiya qarşısında böyük xidmətlər göstərib, fəal inqilabçı olub.
Bu dəfə Stalin üzünü Yejova tutub:
– Bəs siz necə düşünürsünüz? Bekzadyanın antisovet fəaliyyəti haqqında tutarlı faktlar varmı?
– Əlbəttə, yoldaş Stalin. Biz onun haqqında sizə əlavə materiallar təqdim edərik.
Cəmi bir neçə gündən sonra Yejov Bekzadyan haqqında Stalinə bir qovluq sənəd təqdim edib. Sənədlərlə tanış olduqdan sonra Stalin Bekzadyanın güllənlənməsinə razılıq verib.
Aleksandr Bekzadyan kim olub, Yejov onun haqqında Stalinə hansı sənədləri təqdim edib?
1879-cu ildə Şuşada anadan olan Bekzadyan Kiyev Politexnik İnstitutunda təhsil alıb. 1903-cü ildə bolşeviklər partiyasına üzv olub, təbliğat-təşviqat işlərinə cəlb edilib. 1905-ci ci ildə siyasi baxışlarına görə həbs olunan Bekzadyan bir neçə həftə həbsxanada qaldıqdan sonra qaçmağa nail olub və İsveçrəyə mühacirət edib.
1914-cü ildə yenidən Rusiyaya qayıdan Bekzadyan Bakıda və Şimali Qafqazda inqilabi hərəkatda fəal iştirak edib. 1919-1920-ci illərdə Zaqafqaziya diyar partiya komitsinin üzvü seçilib.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Bekzadyan müttəfiq respublikanın inqilab komitəsi sədrinin və xarici işlər komissarının müavini vəzifələrinə təyin olunub. 1923-cü ildə isə onu SSRİ-nin Almaniyadakı ticarət nümayəndəsi vəzifəsinə göndəriblər.
1926-1930-cu illərdə Bekzadyan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq Komissarları Sovetinin sədr müavini, eyni zamanda ticarət komissarı vəzifələrində işləyib. Məhz bu ərəfədə onun Mikoyanla sıx münasibətləri yaranıb. Elə 1930-cu ildə də Mikoyanın təşəbbüsü ilə Bekzadyan diplomatik sahədə fəaliyyətə başlayıb. O, əvvəlcə Norveçdə, daha sonra Macarıstanda SSRİ-nin səlahiyyətli nümayəndəsi vəzifələrinə təyinat alıb.
Bu ərəfədə Bekzadyan ildə bir neçə dəfə öz hamisini, Mikoyanı SSRİ-də defisit sayılan geyim və ev əşyaları ilə “sevindirib”.
Yejovun Stalinə təqdim etdiyi sənədlər də məhz Bekzadyanın Norveç və Macarıstandakı fəaliyyəti ilə bağlı olub. Bu sənədlərin arasında Bekzadyanın sürücüsü işləmiş İvan Ovsyannikovun ifadələri xüsusi yer tutub.
Həmin ifadələrdə sürücü Bekzadyanın Macarıstanda şübhəli adamlarla görüşdüyünü və onların aralarında olan söhbətləri tam dəqiqliyi ilə “NKVD” əməkdaşlarına açıqlayıb. O, qeyd edib ki, Bekzadyan tez-tez görüşdüyü bu adamlara SSRİ-dəki vəziyyət haqqında ətraflı məlumat verib, ölkədəki mövcud rejimin çox da uzun sürməyəcəyini söyləyib. Ovsyannikov ifadələrində onu da qeyd edib ki, Bekzadyan Norveçdə və Macarıstanda işlədiyi illər ərzində böyük var-dövlətə sahib olub:
“Mən Bekzadyanın gəlirlərinin mənbəyini bilmirdim. Amma aldıqlarını tam dəqiqliyi ilə bilirdim. Çünki bu iş birbaşa mənim iştirakımla olurdu. Hər ay bir neçə dəfə onun göstərişi ilə mən fərqli ünvanlardan ona bahalı xalçalar daşıyırdım. Bekzadyanın şəxsi avtomobillərini də digər ölkələrdən, xüsusilə də Almaniyadan mən sürüb gətirirdim. O, həmişə Molotovdan narazı danışırdı, kefinin “yaxşı” vaxtında isə deyirdi ki, biz onu Stalinin ətrafından rədd edəcəyik. O, şübhəli adamlarla şəhərin ətrafında görüşürdü. Onlar nə isə ciddi məsələlər müzakirə edirdilər və belə müzakirələrdə məni yaxına buraxmırdılar.
Bekzadyan güclü qumar həvəskarı idi. Elə vaxt olurdu ki, o, mənim tanımadığım bir qrup adamla şəhər kənarında restorana yığışıb səhərə qədər qumar oynayırdılar. Belə “məclis”lərdə mənim də iştirakıma icazə verilirdi. Bekzadyanın qumarda bəxti gətirmirdi, o, həmişə böyük məbləğlərdə pul uduzurdu…”
1937-ci ilin noyabr ayında Bekzadyan Moskvaya, Xarici İşlər Komissarlığına dəvət olunub. O, elə düşünüb ki, bu çağırış yeni təyinatı ilə bağlıdır. Noyabrın 21-də komissarlığın girişində onu həbs ediblər.
Səkkiz ay davam edən istintaqdan sonra SSRİ Ali Məhkəməsini Hərbi Kollegiyası Bekzadyanı antisovet və əksinqilabi fəaliyyətdə ittiham edərək ən ağır cəzaya, güllələnməyə məhkum edib. Bu hökmün dəyişməsinə Mikoyanın da gücü çatmayıb. /Musavat.com/