Moped sürücüləri maarifləndirilir – DYP

 

“Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən bu gündən hərəkət surəti 50 km/ saatdan yuxarı olan mopedlərin qeydiyyata alınması və sürücülük hüququ, yəni A1 kateqoriyasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

DYP təmsilçisi qeyd edib ki, hazırda bu tip nəqliyyat vasitələri idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir:

“Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir. İnzibati tədbirlərdən daha çox həmin nəqliyyat vasitələrinin qeydiyyata alınması, mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri ilə təmin olunmağa üstünlük verilir. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik bu gündən etibarən qüvvəyə minib. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi bu gündən etibarən inzibati məsuliyyət yaradır.

Mənbə

Share: