Tanınmış hüquqşünas Qarabağ Qazisi Vüqar Dadaşovun böyük dövlətlərin Azərbaycana qarşı siyasəti barədə fikirlərini oxucularımıza təqdim edirik.
“Mənfur ermənilərlə qonşuluğumuz təbii proses nəticəsində deyil, böyük dövlətlərin siyasi planları əsasında baş vermişdir. Başımıza gələn belə bir çıxılmaz vəziyyətə görə qardaş Türkiyə bir başa məsuliyyət daşıyır. Əvvəlcə qeyd edim ki, qardaş Osmanlı türklərində dövlətçilik, imperiya hissləri ədalət prinsipindən üstündür. Bunun bariz nümunəsi elə 1918-ci ildə Türklərin təhdidi və təzyiqi ilə Ermənistan adlı dövlətin Azərbaycanın tarixi ərazisində yaradılmasıdır.
Birinci dünya müharibəsini aparan hər iki rəqib tərəflər həm Antanta (Rusiya, İngiltərə, ABŞ, Fransa) dövlətləri həm də Almaniya-Türkiyə bloku üzvləri arasında ermənilərə kiçik bir dövlət yaratmaq fikirlərində idilər. Antanta blokunun üzvləri yəni Rusiya, İngiltərə, Fransa və ABŞ yaradılacaq erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində Şərqi Anadolu regionunda yaratmaq barədə istəklərini bəyan etmişdilər. Faktiki məğlub olmuş Osmanlı Türkiyəsi isə “erməni təhlükəsi”ni özündən uzaqlaşdırmaq məqsədi ilə erməni dövlətini öz sərhədlərinin xaricində və Azərbaycanın arxalandığı qardaş Osmanlı türklərinin nəzarətində olan Azərbaycan torpaqlarında qurmaq istəyirdi. Həmin dövrdə erməni daşnak birləşmələri tərəfindən soyqrımlara və qırğınlara məruz qalan Azərbaycan əhalisini xilas etmək, bu fonda böyük dövlətlərin təzyiqi və ən əsası da Azərbaycan ərazilərinin Osmanlı türk ordusunun nəzarətində olması elə bir tarixi şərait yaratmışdı ki, biz Osmanlı türklərinin tələbləri və diktəsi ilə razılaşmalı idik. Azərbaycan məcburən Osmanlı türklərinin təzyiqi, vasitəçiliyi və nəzarəti ilə ermənilərlə danışıqlara getməli olduq. 11 .05-04.06.1918-ci il tarixli Batum konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin 27.05.2018-ci il tarixdə fövqəladə iclasında seymin üzvlərinə Osmanlı Türkiyəsinin “erməni təhlükəsini” özündən uzaqlaşdırmaq
üçün gələcək erməni dövlətinin Azərbaycan ərazisində yaradılması siyasətini yeritdiyi barədə əlavə məlumat da vermişdir.
29.05.1918-ci il tarixdə Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan daxil olmaqla 9000 kv. km ərazi ermənilərə dövlət yaratmaq üçün güzəşt edildi. 04.06.1918-ci ildə isə Batum müqaviləsi imzalandı. Bununla da ermənilər dövlət yaratmaq xəyalını gerçəkləşdirdi, Osmanlı türklər isə “erməni təhlükəsini” özlərindən uzaqlaşdıraraq bizim boynumuza atdılar, daha doğrusu öz dövlətçilikləri naminə Azərbaycanı qurban verdilər.
Siyasi baxımdan və dövlətçilik naminə Türklərin addımları başa düşüləndi. Türklər şəxsi maraqlarına görə və seçim qarşısında olarkən Azərbaycanı qurban verməsi təbii hal kimi də qiymətləndirilə bilər və bu fakt bir daha sübut edir ki müttəfiqlik müvəqqəti xarakterli şəxsi maraqlara toxunana kimidir. Bunu xüsusən də biz yadda saxlamalıyıq.
Bəli bu gün qardaş Türkiyə Azərbaycan dövlətinin strateji müttəfiqi və partiniyorudur və Türkiyənin müstəqil Azərbaycanımızın ayaq üstə durmasında müstəsna xidmətləri vardır. Ancaq ki, İndiki Ermənistanın tarixi Azərbaycan ərazilərində qurulmasın da Rusiya ilə bərabər eyni səviyyə də məsuliyyət altındadırlar. Bəli bu inkar edilməz faktdır. Qarabağın Ermənistan tərəfindən işğalı, Azərbaycan xalqının soyqırımlara məruz qalaması həmin Batum müqaviləsinin acı nəticəsidir. Ermənilərin başımıza gətirdikləri fəlakətlərə görə Türk qardaşlarımız ən aşağısı mənəvi məsuliyyət daşıyır.
Batum müqaviləsi və onun bir əsirlik nəticələri biz Azəri türklərinə tarixi bir dərsdir və bu dərsdən biz bir nəticə çıxarmalıyıq. Nəticə budur ki, heç bir xalq və dövlət özündən başqa heç kimə və heç bir dövlətə güvənməməlidir. Rusların yaxşı bir deyimini xatırlasaq yerinə düşər. Rusiyanın iki müttəfiqi var: ordu və flot. Azərbaycan xalqı və ordusu bir birinə yeganə arxa və müttəfiqdir. Müttəfiqlik tarixi şərait fonunda iqtisadi və siyasi maraqların müvəqqəti üst-üstə düşməsidir. Müttəfiqlik daim deyil və olmayıb da. Müttəfiqlik müvəqqəti xarakterli müəyyən müddətli prosesdir.
Odur ki, Azərbaycan xalqı və dövləti öz potensialını genişləndirərək öz imkanlarına arxalanmalı və heç bir müttəfiqin qurban payına çevrilməsinə şərait yaratmamalıdır.
Həmin hadisələrdən bir əsrdən artıq keçsə də bu bir əsir işində ermənilər Azərbaycan xalqının başına 4 soyqrım gətirməklə müstəqil Azərbaycanımızın 20% ərazisini işğal etmiş və əlavə torpaq iddialarından da əl çəkməmişlər.
Yer gəlmişkən qeyd edim ki, Batum müqaviləsinin tələblərinə görə ermənilər 5 hissədən ibarət öhdəliklər götürmüşdür. Həmin öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, ermənilər Azərbaycan ərazilərindən öz ordu və daşnaq birləşmələrini çıxarmalı, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq və sülh prinsiplərinə uyğun olaraq yaşamalı, hər iki tərəfdən ərazi iddialarından əl çəkməli idi. Həmin Batum Müqaviləsinə əsasən ermənilərin götürdüyü öhdəlik ən maraqlı hissəsi də odur ki, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Bu gün 04.06.1918-ci il tarixli Batum müqaviləsi hüquqi qüvvəsini itirmiş müqavilədir. Indiki Ermənistan və Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etmiş Ermənistanın və Azərbaycanın hüquqi varisidir və hər ikisi həmin Batum müqaviləsinin icrası üçün məsuliyyətlidir yetər ki, bu məsələ beynəlxalq hüquq müstəvisinə çıxarılsın”