Son bir ay ərzində Kiyev hərbi əməliyyatların dinamikasını ciddi dərəcədə dəyişdirib.
Millətin Səsi.az xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının iclasında deyib.
“Hətta rus hərbi blogerləri belə açıq şəkildə etiraf edirlər ki, Moskva bu müharibədə qalib gələ bilməz. Eyni zamanda, Putinin başlatdığı münaqişənin nəticələri getdikcə Rusiyanın özünə də yayılır. Son hadisələr Rusiyanın hava hücumundan müdafiə sisteminin zəifliyini nümayiş etdirdi. Hətta Moskva ətrafında qurulan və Rusiyanın hər yerindən gətirilən sistemlərlə gücləndirilmiş hava hücumundan müdafiə qalxanı belə hərbi hədəflərini qorumağa qadir deyil. Və bu, yalnız başlanğıcdır. Kiyev BMT nizamnaməsinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə birbaşa danışıqlara hazırdır. Amma səbrimiz sonsuz deyil. Əgər Təhlükəsizlik Şurası gözləmə mövqeyi tutmağa davam edərsə, Ukrayna təklifini yenidən nəzərdən keçirə bilər. Cəbhə xətti boyunca atəşkəs artıq böyük bir güzəştdir”, – o bildirib.
Melnik Rusiya nümayəndəsinə müraciət edərək Moskvanı ordusunu işğal olunmuş ərazilərdən çıxarmağa çağırıb:
“İşğal etdiyiniz torpaqları heç vaxt ələ keçirə bilməyəcəksiniz. Heç vaxt. Buna görə də çox gec olmadan Ukraynadan mümkün qədər tez çıxın”.


