“Nənəm deyirdi ki, Baratı oğlumun ahı tutdu”-ÖZƏL+FOTO

“92 yaşım var. Sizcə səhhətim necə olar? Şikayətim yoxdur. Buna da şükür. Anam 86 yaşında dünyasını dəyişib. O əslən Şuşalıdır. Kimin ömrünə nə yazılıbsa o da olur. Mən bu dəqiqə hamıdan çox yaşayıram. Məndən çox yaşayan anamın ata nənəsi olub. Səhv etmirəmsə 114 yaşında dünyasını dəyişib”

 

Bunu Moderator.az-a açıqlamasında görkəmli aktrisa Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib.

“Qızımın 70 yaşım var. Təsəvvürümə gətirə bilmirəm ki, o mənsiz nə edəcək. Hər gün “ana, ana” deyir. Ana həmişə anadır. Ana yanında olanda özünü uşaq sayırsan, onu itirəndən sonra hiss edirsən ki, böyümüsən. Anamın sözləri üçün susamışam. Anam məndən 17 yaş böyük idi. O Bakıda səhnəyə çıxandan sonra bir müddət Gəncədəki mədəniyyət klubunda çalışdı. Mən də dəstə qız idim. 4-5 tamaşada bir yerdə oynamışıq. Mən tez ailə həyatı qurdum. Yoldaşım heç vaxt aktrisa olmağıma razı deyildi. Həmçinin də anam. Universiteti bitirəndə 30 yaşım var idi. Anam deyirdi ki, mən sənin yaşında xalq artisti idim, hara aktrisa olursan?! Gecikmisən!” deyə Solmaz Həmzəyev bildirib.

 

Solmaz Həmzəyeva anası Barat Şəkinskayanın 3 dəfə rəsmi ailə həyatı qurduğunu bildirib.

“İlk həyat yoldaşı mənim atam İbrahim Həmzəyev olub. Daha sonra Şəmsi Bədəlbəyli, sonra isə Mehdi Məmmədovla ailə həyatı qurub. Bu evliliklərdən 3 övladı var. Bizim aramızda ögey-doğmalıq yoxdur. Hamımız dostuq. 1943-cü ildə Mehdi Məmmədovla ailə həyatı qurdu, 1949-cu ildə ayrıldı. Ondan sonra ərə getmədi. Mən də balaca uşaq idim. O heç vaxt xəyanəti qəbul etmirdi. Heç vaxt deməzdi, qışqırmazdı, dava etməzdi. Anam hər dəfə deyirdi ki, “qızım, hazırlaş köçürük”. Anam sözünü bir dəfə deyirdi. İbrahim Həmzəyevdən, atamdan ayrılandan sonra kişi 3 gün pilləkənin üstündə oturub anama yalvarıb. Deyib ki, “bilməmişəm, qələt etmişəm, anam da elə “yox” deyib. Atam seyid nəslindən idi. Nənəm deyirdi ki, “Baratı İbrahimin cəddi tutdu ki, sonrakı ailə həyatları da uğursuz oldu”. Ayrılıram deyirdisə ayrılırdı. Geri qayıtmaq söhbəti yox idi. Bizimlə də elə idi. Sözünü bir dəfə deyirdi” deyə aktrisanın qızı bildirib.

 

Solmaz Həmzəyeva anasının ömrünün son illərində şüşə gözlə yaşadığını bildirib.

“O illərdə tamaşa gedə-gedə jurnalistlər, fotoqraflar şəkil çəkə bilməzdilər. Tamaşaya mane olmağa ixtiyarları yox idi. Tamaşadan sonra şəkillərini fotoqraf çəkirdi. O vaxtı da fotoaparatlar bu günki kimi deyildi. Civə lapması var idi, o gərək tez yanıb-sönəydi. Fotoqraf şəriştəsiz olub, civə lampasını basıb saxlamışdı. Tamaşada anam baş rolda olduğu üçün ən çox onun fotoları çəkilib. Civə lampası onun gözünü yandırmışdı. Digər aktyorların da, yadıma gəlir Məhluqə Sadıqovanın da gözünə ziyan dəymişdi. Onlar xəstəxanada sağaldılar. Amma anamın gözünü əməliyyat edib çıxartdılar. Ömrünün axırına qədər şüşə, taxılma gözlə yaşadı. Ondan müsahibə almağa gələn jurnalistlərə deyirdi ki, “gözlə gözümü taxım gəlim”. Bunu özünə kompleks, dərd etmirdi” deyə Solmaz xanım bildirib.

 

Solmaz Həmzəyeva bildirib ki, o dövrün məşhur diktorları ilə rəfiqədir.

 

“Qızlar-xalq artistləri Roza Tağıyeva, Şərqiyyə Hüseynova bəzən evə gəlib məni götürür, şəhərə çıxırıq. Uzun illər birlikdə çalışmışıq. O illərdən dostuq. Darıxanda, bayramlar olanda çıxıb gəzişirik. Düzdür, bu yaşda mənə gəzmək çətindir, amma buna vaxt ayırıram. Millət Rozanı, Şərqiyyəni o qədər çox sevir ki” deyə müsahibimiz qeyd edib.

Solmaz Həmzəyeva həm də AZTV-nin ilk qadın rejissorudur.

 

“Uzun illər televiziyada çalışmışam. AZTV-nin ilk qadın rejissoru olmuşam. O vaxt çox çətin idi. Texnika çatışmırdı. Aşağıda böyük studiyamız var idi, verilişi yuxarıdan idarə edirdik. İndi bir mərtəbədədir ikisi də. Çıxıb-düşürdük. Düzdür, cavan idim. Heç onları düşünmürdük, elə bilirdik ki, belə də olmalıdır. Bu gün kanallar çoxdur, ortaya çıxası verilişlərimiz azdır. Mən peşəkarlıq baxımından danışmaq istəmirəm. Danışsam gərək tənqid edim. Çalışıram ki, xəbərləri internetdən oxuyum. Baxılası verilişlərimiz çox azdır. Çox həyasız, etikadan kənar veriliş aparırlar” deyə o bildirib.

 

Mənbə

Share: