NATO Baş katibi niyə məhz Putinin seçkiləri günü Bakıya gəldi?..-Sabiq baş diplomat

“Yadınıza gəlirsə, hələ Ukrayna savaşı başlamamışdan öncə Azərbaycanda – Bakıda NATO-nun, ABŞ-nin ən yüksək rütbəli nümayəndələri bir-birləri ilə, o cümlədən Rusiya ordu rəhbərliyi ilə görüşlər, müxtəlif tədbirlər keçirirdi…”

 

“Hesab edirəm ki, Rusiyadakı seçkilərlə NATO Baş katibinin  Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərinin heç bir əlaqəsi yoxdur. Sadəcə, burada ötən söhbətimizdə də qeyd etdiyimiz bir sıra amillərin rolu var”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikri Moderator.az əməkdaşının “NATO Baş katibinin hazırda Kreml üçün həlledici geo-siyasi maraqlarının cəmləndiyi regionlardan olan Güney Qafqaza və öncə Bakıya səfərinin məhz martın 17-də Rusiyada prezident seçkiləri keçirildiyi gündə baş tutması rəmzi məna daşımır ki?” sualını cavablandırarkən ifadə  edib. 

 

“Yadınıza gəlirsə, hələ Ukrayna savaşı başlamamışdan öncə Azərbaycanda – Bakıda NATO-nun, ABŞ-nin ən yüksək rütbəli nümayəndələri bir-birləri ilə, o cümlədən Rusiya ordu rəhbərliyi ilə görüşlər, müxtəlif tədbirlər keçirirdi. Yəni Azərbaycan dünyanın hər qütbündən onunla tanınır ki, balanslaşdırılmış bir mövqeyi var. Və bu baxımdan, kim nə deyir-desin, Azərbaycan hərbi regionda ciddi qəbul edilən bir ölkədir. Hər şey göz qabağındadır. 

 

İkincisi, NATO rəhbərliyi də fərqindədir ki, bölgənin ən böyük ölkəsi Azərbaycandır. Və hərbi potensial baxımından da Azərbaycan dünya reytinqində Gürcüstan və Ermənistanı xeyli geridə qoyur. Üçüncüsü isə, bilirik ki, NATO-nun ən böyük hərbi güclərindən biri olan Türkiyə hərbi qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə sıx əlaqələri mövcuddur”, -deyə davamında həmsöhbətimiz bildirib.

 

“Biz digər bir amili də unutmayaq ki, həm NATO-nun, həm də ABŞ-nin gündəmindəki əsas mövzulardan biri Mərkəzi Asiyadır. Və orada gedən geopolitik proseslər çox maraqlıdır. Həmin regiondakı cəlbedici məqamlardan biri də yeni yaranmış geopolitik reallıq olan Türk Dövlətləri Birliyinin orada fəal rol oynamağa başlamasıdır. Amma həmin prosesə liderlik edən əsasən Türkiyə və Azərbaycandır. Hesab edirəm ki, bu məqam da NATO rəhbərliyi tərəfindən lazımi şəkildə qiymətləndirilir.  Onu da bilməliyik ki, digər bəzi Qərb təşkilatlarından fərqli olaraq NATO praktik bir təşkilatdır. Bu Alyans hər şeyin real qiymətini və əhəmiyyətini bilir. Baş katibin Bakıdakı bəyanatında da qeyd olunub ki, Azərbaycan hərbçiləri, demək olar ki, Türkiyə hərbçiləri ilə bir yerdə NATO hərbçilərinin Əfqanıstandan təhliyə olunmasını təmin ediblər. Və biz də həmin epizodu qürurla müşahidə edirdik ki, Kabildə digər ölkələrin hərbçilərini qoruyan məhz Türkiyə və Azərbaycan hərbçiləri oldu”, – deyə sabiq baş diplomat vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: