Naxçıvan şəhərindən Ordubada ənənəvi “Novruz qatarı” yola düşüb

Naxçıvan şəhərindən Ordubada ənənəvi “Novruz qatarı” yola düşüb.

Bir neçə ildir ki, bahar bayramı günlərində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan ənənəvi “Novruz qatarı” ilə səyahət bu dəfə də gənclərə bol əyləncə və enerji dolu bir gün bəxş edib. 3 müasir tipli sərnişin vaqonundan ibarət “Novruz qatarı”nda 200-dən artıq gənc iştirak edib.

Naxçıvan-Ordubad istiqamətində xəttə buraxılan qatarda gənclərin əyləncəli səyahəti və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Belə ki, kupelərdə çay süfrəsi təşkil olunub, müxtəlif bayram nemətləri təqdim edilib.

Araz boyunca gözəl təəssüratlar oyadan səyahət zamanı Novruz bayramının simvolu olan oyunlar təşkil olunub, istedadlı gənclərin ifasında maraqlı musiqi nömrələri səsləndirilib.

Təxminən 2 saatlıq yoldan sonra gənclər Novruzun xüsusi təmtəraqla qeyd olunduğu Ordubad şəhərinə çatıblar. Qədim Ordubadın təbiət gözəllikləri və tarixi abidələrindən zövq alan gənclər “Xanbəzəmə” mərasimində iştirak ediblər.

Ordubadın tarixi meydanında təşkil olunan mərasimə qoşulan ekskursiya iştirakçıları rayon sakinləri və qonaqlarla birlikdə rəqs edib, müsabiqələrdə iştirak edib, fotolar çəkdirib, əyləncəli vaxt keçiriblər.

Mənbə

Share: