Naxçıvanın yeni hökumətinin əskiyi çıxdı

İqtisadçı ekspert: “Orada ikihakimiyyətlilik var”

 

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2023-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi keçirilib və rəsmiləşdirilib. “APA-Economics”in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

 

Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində məhsul istehsalçılarına subsidiya verilməsi məqsədilə ayrılmış vəsaitin 8 milyon 500 min manatının qeyri-qanuni və əsassız xərclənməsi halları müəyyən edilib.

 

Bununla yanaşı, 94 milyon 500 min manat məbləğində vəsait üzrə bir sıra nöqsanlara yol verilib. Belə ki, əməliyyatlar qanunvericiliyə riayət edilmədən aparılıb, o cümlədən pullu xidmətlərdən yığılan vəsaitlər bank hesabına ödənilib, vəsaitlər müqavilə şərtlərindən artıq ödənilib, vəsaitlər normativlərə istinad edilmədən sərf olunub, yanacaq xərcləri əsassız silinib, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparılıb və enerji itkilərinə yol verilib. Naxçıvanda “haqq-hesab” niyə yenə əskik çıxıb? Bunun Naxçıvanın yeni hakimiyyətinə hansı nəticələri ola bilər?

 

Əkrəm Həsənov: “Məhkəmələrdə banklarla hər qəpiyə görə mübarizə aparmaq  lazımdır” | İnter Press

 

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirib ki, Naxçıvanda baş verənlər ikihakimiyyətliliklə əlaqədardır: “Naxçıvanda o qədər qayda-qanun olmayıb ki, hələ də vəziyyəti tam dəyişmək çətindir. “Dövlət Satınalmaları haqqında” Qanun tətbiq olunmayıb. Naxçıvanda yuxarı rəhbərlik dəyişsə də, aşağılarda hələ də köhnə kadrlardır. Hansılar ki, uzun illər qayda-qanunla deyil, yuxarıdan gələn göstərişlə işləyiblər. Göstərişlə işləyənlər qayda-qanunlarla işləməyə çətinlik çəkirlər. Kadr dəyişiklikləri baş verməsə, vəziyyəti tam olaraq dəyişmək mümkün olmayacaq. Orada elə kadrlar var ki, hələ də Azərbaycanda qanun və qaydanın olmasından xəbərsizdirlər”.

 

Əkrəm Həsənov deyir ki, yeni Naxçıvan rəhbərliyi kadr dəyişikliklərinə getməlidir: “Naxçıvan xüsusilə həssas regionlardandır. Orada iş bacaran, işə vicdanla yanaşan kadrların təyinatı zəruridir. Naxçıvanın muxtar statusu da oradakı vəziyyətin dəyişməsinə mane olur. Hesab edirəm ki, Naxçıvanın muxtar statusunun qalmasını zəruri edən şərtlər aradan qalxıb və status ləğv olunmalıdır. Naxçıvanın idarə edilməsi qaydası dəyişməlidir. Bu gün Naxçıvanda ikihakimiyyətlilik var. Formal olaraq hakimiyyət muxtar respublikanın idarəetmə orqanlarındadır. Amma orada Bakıdan təyin olunan səlahiyyətli nümayəndə də var. Bu gün səlahiyyət bölgüsü haqda hər hansı bir izahat da yoxdur. Ona görə də belə vəziyyət yaranır. Dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət etmək çətindir”.

Mənbə

Share: