Nazirlər və komitə sədrləri tviterdə

 

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gün ərzində vaxtımızın böyük hissəsini sosial şəbəkələrdə keçirir, internet platformasında dünyada və ölkəmizdə baş verən ən son hadisələrdən xəbər tutur, müxtəlif sferalarda təmsil olunan insanların fikir və mülahizələri ilə tanış oluruq. Statistikaya əsasən, sosial şəbəkə istifadəçilərin sayı günü-gündən artır.

Hazırda dünyada və ölkəmizdə məşhur olan sosial şəbəkələrdən biri də tviterdir. Bu platformadan təkcə adi vətəndaşlar yox, rəsmi şəxslər də istifadə edir. Burada istifadəçilər daha çox dünyanın gündəmində olan aktual hadisələri müzakirəyə çıxarır və fərqli reaksiyalar ortaya qoyurlar.

Dövlət rəsmilərinə gəlincə, onların bir çoxu bu platformanın imkanlarından yararlanraq, rəqəmsal diplomatiya nümunəsi sərgiləyirlər. Azərbaycanda da dövlət rəsmiləri arasında aktiv tviter istifadəçilərinin olduğunu deyə bilərik. Lakin müşahidələr göstərir ki, hələ də şəbəkəyə qoşulmayan məmurlar var və onlar mümkün qədər internetdən uzaq durmağa çalışırlar.

Milletinsesi.az Azərbaycanda nazirlərin və dövlət komitələrinin rəhbərlərinin tviterdəki fəaliyyətini araşdırıb.

İlk olaraq qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcud olsa da, hazırda 16 nazir fəaliyyət göstərir. Çünki hələ də mədəniyyət naziri vəzifəsi boşdur. Fəaliyyətdə olan 16 nazirdən yalnız altısı tviter isifadəçisidir.

Siyahıda birinci yerdə xarici işlər naziri Ceyhun Bayramov qərarlaşıb. XİN rəhbərinin tviterdə 160 minə yaxın izləyicisi var. Nazirin səhifəsində daha çox rəsmi səfərləri, digər ölkə həmkarları ilə görüşlər və telefon zəngləri barədə məlumatlar paylaşılır.

Aktivliyinə görə ikinci yerdə iqtisadiyyat naziri Mikayıl Cabbarov gəlir.

Nazirin tviter səhifəsində 15 minə yaxın izləyicisi var. Mikayıl Cabbarov da tviterdə əsasən rəsmi görüşləri və hesabatları paylaşır.

Elm və təhsil naziri Emin Əmrullayev də tviterdə aktiv nazirlərdəndir. Onun şəbəkədə 12 minə yaxın izləyicisi var. Nazirin rəsmi səhifəsində rəsmi görüşlərlə bağlı informasiyalar tirajlanır.

Növbəti sırada rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dayanır. Nazirin tviterdə izləyicilərinin sayı 3 500-ə yaxındır. Rəşad Nəbiyevin rəsmi hesabında keçirilən görüşlər və həyata keçirilən işlərlə bağlı xəbərlər daha çox diqqət çəkir.

Növbəti sırada 2 minə yaxın izləyici ilə gənclər və idman naziri Fərid Qayıbov qərarlaşıb. O, da digər həmkarları kimi daha çox rəsmi xəbərləri öz izləyiciləri ilə bölüşür.

Aktiv nazirlərin sırasında energetika naziri Pərviz Şahbazov 6-cıdır. Nazirin tviterdə izləyicilərinin sayı cəmi 2 min nəfərə yaxındır.

Tviter üzərində apardığımız araşdırma zamanı digər nazirlərin rəsmi hesablarına rast gələ bilmədik.

Qeyd edək ki, nazirliklərlə yanaşı, Azərbaycanda yeddi dövlət komitəsi fəaliyyət göstərir. Komitə sədrlərindən sadəcə dördü tviter istifadəçisidir.

Bu siyahıya nəzər salaq.  

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tviter platformasından aktiv şəkildə istifadə edir. Komitə sədrinin tviterdə izləyicilərinin sayı 10 min nəfərə yaxındır.

Fuad Muradov rəsmi hesabında Azərbaycan diasporunun fəaliyyəti, keçirilən görüşlər və görülən işlər haqqında paylaşımlar edir.

Tviterdə aktivliyi ilə seçilən komitə sədrlərindən biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovadır. Xanım sədrin tviterdə 2 minə yaxın izləyicisi var.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə platformadan daha çox rəsmi xəbərlərin paylaşılması üçün istifadə edir. Komitə sədrinin izləyicilərin sayı təxminən 700 nəfərə yaxındır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının tviterdə izləyicilərinin sayı cəmi 334-dür.

Əlavə olaraq bildirək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun tviterdə 2 mindən çox izləyicisi var. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tviterdə izləyicilərinin sayı 600-ə yaxındır.

Mənbə

Share: