Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur

Xətai rayonu ərazisində təqribən 14 kilometrlik 7 küçədə təmir-tikinti işləri yekunlaşdırılıb. Hazırda rayonun “NZS” qəsəbəsinin Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işləri aparılır. Küçələrin ümumi uzunluğu 2 kilometr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, hazırda asfaltlanma işləri aparılır.

Təmir işləri ilə əlaqədar S.Əhmədov və O.Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır. Buna görə də sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Küçələr boyu təmiri yekunlaşmış hissələrdə yol-cizgi və yolgöstərici xətlər çəkilməklə hərəkət bərpa edilir.

İşlərin yekunlaşdıqdan sonra, Xətai rayonu ərazisindəki digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 kilometrədək uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə başlanması nəzərdə tutulur.

Share: