Novruz bayramında necə qidalanmalı?- ARAŞDIRMA

Qarşıdan Novruz Bayramı gəlir. Süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlər bəzəyəcək. Bundan başqa bayram axşamı bişirilən plovlar, müxtəlif mayonezli salatlar kilo almağımıza şərait yaratmaqla yanaşı, mədə-bağırsaq sistemində pozğunluqlar yarada bilər. Bəs o zaman bayramda necə qidalanmalıyıq?

 

 

“Bayram günlərində necə gəldi qidalanmaq olmaz”

 

Dietoloq Ləman Süleymanova bildirib ki, bayram günlərində rejimlə qidalanmaq mütləqdir: “Biz azərbaycanlılar bayramları xüsusi canfəşanlıqla qeyd edirik. Hər bayramda olduğu kimi, Novruz bayramında da masalar bəzənir, müxtəlif şirniyyatlar bişirilir. Azərbaycan mətbəxi zəngindir, lakin hər bir bölgəmizin özünəməxsus özəl yeməkləri, şirniyyatları var ki, həmin qidalar məhz Novruz bayramında hazırlanır. Elə insanlar var ki, onlar piylənmədən əziyyət çəkirlər. Lakin bayram günlərində daha çox yeyirlər. Bu da kilonun daha da artmasına gətirib çıxarır. Bayram günlərində necə gəldi qidalanmaq olmaz. Bir çox xanımlar elə düşünür ki, bir gün heç nə yeməyib, lakin iki gün dayanmadan yemək qəbul etmək düzgündür. Bəzi xanımlar gün ərzində heç nə yemir, axşam isə çox yeyirlər. Bu, əlbəttə çox ziyanlıdır. Kilolu xanımların əksəriyyəti bu cür qidalananlardır. Novruz bayramı 3 gün qeyd edilsə də, bizdə bu bayram 10 gün davam edir, 20 gün ərzində həmin şirniyyatları yeyirik. Həddindən artıq qida metobolizmi elə ləngidə bilər ki, bu pozğunluq sonrakı aylarda da fəsadlarını göstərə bilər. Hətta orqanizmdə elə xəstəlik ola bilər ki, bayram günlərində qəbul edilən artıq qida xəstəliyin ağırlaşmasına yol aça bilər”.

 

“Gün ərzində maye qəbul etmək vacib şərtlərdən sayılır”

 

“Şəkərli diabet, təzyiqdən əziyyət çəkən insanlar şirniyyat qəbul edərkən daha ehtiyatlı olmalıdırlar. Bayram günlərində rejimlə qidalanmaq məsləhət görülür. Bayram günlərində səhər tez durmaq məsləhət görülür. Saat 12-yə qədər yatan insanlarda qida həzmi prosesi çox çətin gedir. Ona görə də səhər saat 8-də durub iki stəkan su içmək önəmlidir. Ümumiyyətlə, gün ərzində maye qəbul etmək vacib şərtlərdən sayılır. Ev şəraitində kokteyl, bitki çayı hazırlaya bilərsiniz. Səhər saatlarında limon, portağal qabığı, cəfəri və şüyüd dəmləmələrindən 1 stəkan içmək məsləhət görülür. Bu çaydan yeməkdən yarım saat sonra, axşam saatlarında və yatmazdan 5 dəqiqə əvvəl qəbul etmək də olar. Ümumiyyətlə, hər yeməkdən sonra bitki çayı içmək daha düzgündür”.

 

“Şirniyyatlardan günün birinci yarısında istifadə edin”

 

“Səhər menyusunda meyvə- tərəvəzə daha çox yer verin. Çünki, səhər meyvə yemək gün ərzində qida həzmini sürətləndirə bilər. Çox təəssüf ki, bir çoxlarımız meyvəni yeməkdən sonra qəbul edirik. Lakin bu düzgün deyil. Yeməkdən sonra meyvə yemək köp yaradır. Səhər qidasında sitrus meyvələrinə çox yer verin. Onların tərkibində vitamin C orqanizm üçün faydalıdır. Günorta yeməyinə qədər müxtəlif atışdırmalar edə bilərsiniz. Şirniyyatlardan günün birinci yarısından istifadə etməyiniz məsləhət görülür. Günün ikinci yarısında şirniyyat və yağlı yeməklərdən istifadə ağırlıq edə bilər. Masa arxasına əyləşdikdə ilk növbədə limonlu su qəbul edin, ən yüngül qidalardan başlayıb, ağır qidalara keçə bilərsiniz. Yeməklə bərabər qazlı içki içməyin. Qazlı içki əvəzinə süfrənizdə göyərti, kefir, qatıq, limona daha çox üstünlük verin. Yağlı yeməklə bərabər şirin kampot qəbul etməyin. Təzyiq və şəkər xəstəliyindən əziyyət çəkən insanlar axşam saatlarında çox maye qəbul etməməlidir. Şirniyyatları, qazlı içkini rasiondan çıxarmanız məsləhət görülür. Əgər şirniyyat sevirsinizsə, o zaman bunu günün birinci yarısında qəbul edin”.

 

“Bayram bir tək yeməklə yadda qalmamalıdır”

 

Dietoloq Tutu Zeynalova söyləyib ki, Novruz bayramında masamızda bir tək şirniyyat deyil, eləcə də bir çox kalorili qidalar olur. Mətbəximiz çox yağlı və dadlı qidalarla zəngindir. Həmin qidalardan yemirəm desəm, düzgün olmaz. Hər birimiz o ləziz təamlardan dadırıq. Lakin şirniyyatların hər birini fərqli günlərdə qəbul etməliyik. Misal üçün bir gün şəkərbura, bir gün paxlava, digəri gün isə qoğal qəbul etmək olar. Üçünü də bir gündə yemək düzgün deyil. Şirniyyat qəbul edilən günü bir ovucdan artıq çərəz qəbul etmək olmaz. Şirniyyatların gündüz saatlarında qəbulu məsləhət görülür. Şirniyyat yedikdən 15-20 dəqiqə sonra hər hansı süd – kefir, ayran, qatıq və digər məhsuldan istifadə edilməlidir. Bol su içmək məsləhət görülür. Bayram bir tək yeməklə yadda qalmamalıdır”.

 

“Bayramdan sonra 5-7 günlük detoks proqramı tətbiq etmək olar”

 

“Bayramda yaxınlarımızın ziyarətinə piyada gedilsə, yaxşı olar. Bol rəqs, fiziki aktivlik nümayiş etdirmək artıq kaloridən azad olunmaq üçün ən yaxşı vasitələrdən sayıla bilər. Bayram süfrələrində yer alan salatlarda mayonezdən az istifadə edilməsi məsləhət görülür. Rasionlarda tərəvəz, kələm kimi məhsullara daha çox yer ayırmaq lazımdır. Bayram süfrələrində yer alan plovlardan hər kəs istifadə edə bilər. Yalnız şəkərli diabetdən əziyyət çəkən insanlar bulqur plovuna üstünlük versələr, daha yaxşı olar. Əgər düyü plovundan yemək istəsələr, o zaman yanında qatıq qəbul etməlidirlər. Bayramdan sonra 5-7 günlük detoks proqramı tətbiq etmək olar. Bu proqrama bol su içmək, təmiz hava qəbul etmək, hidromasaj, qara çay və qəhvədən imtina, 5-10 gün müddətində qırmızı ətdən istifadə etməmək, bol lifli qidaların qəbulu, taxıl unundan hazırlanan çörəyə üstünlük verilməsi daxildir. Hər saat başı 1 stəkan su qəbulu və gün ərzində 45 dəqiqə gəzmək məsləhət görülür”.

Mənbə

Share: