Nümayəndələr Palatasının yeni spikeri kimdir…

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, nəhayət, səsvermənin 15-ci turunda respublikaçı Kevin Makkartini yeni spiker seçiblər. 

 

Modern.az bildirir ki, Kevin Makkarti 26 yanvar 1965-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. Siyasətçi 20 yaşında biznesə başlayıb. 

 

O, hələ məktəbdə olarkən respublikaçı konqresmen Bill Tomas ilə təcrübə keçib və daha sonra onun qərargahının üzvü olub. 1999-2001-ci illərdə Gənc Respublikaçılar Milli Federasiyasına rəhbərlik edib.

 

2002-ci ildə Makkarti Kaliforniya Ştat Assambleyasına seçilib. O, ştatın büdcə kəsirini azaltmaq, ştatın əmək haqqı sistemini əsaslı şəkildə yenidən qurmaq və Kaliforniya işçiləri və müəssisələri üçün biznes mühitini yaxşılaşdırmaq üçün çalışıb.

 

Kevin Makkarti 2006-cı ildə ABŞ Nümayəndələr Palatasına seçilib və o vaxtdan bəri dəfələrlə yenidən qalib olub.

 

2014-cü ildə Makkarti Nümayəndələr Palatasında Respublikaçıların lideri seçilib. O, fərdi azadlığı, effektiv hökuməti, azad bazarları və canlı vətəndaş cəmiyyətini müdafiə edir. Kevin Makkarti və onun respublikaçı yoldaşları ABŞ tarixindəki ən böyük vergi artımının qarşısını almağa, nəzarətsiz dövlət xərclərini azaltmağa, iş yerlərinin yaradılması üçün qanun layihələrini qəbul etməyə və Şimali Amerikanın enerji müstəqilliyini təşviq etməyə müvəffəq olublar.

 

2022-ci ilin noyabrında keçirilən Konqres seçkiləri ərəfəsində Makkarti bildirib ki, respublikaçılar qalib gəlsələr, Ukraynaya qeyri-məhdud yardımı dayandıracaqlar. O, Kiyev üçün məhdudiyyətsiz yardıma qarşı çıxış edib və bu xərcləri ABŞ-dakı iqtisadi vəziyyətlə əlaqələndirib.

 

Seçkilərin nəticəsində Respublikaçılar Nümayəndələr Palatasında qələbəsi olub, hazırda bu palatada 222 respublikaçı və 212 demokrat var. Bununla belə, aşağı palatada təqdim edilən təşəbbüsləri və ya araşdırmaları əngəlləyə bilən Senatda Demokratlar üstündür.

 

Akif İsmayılov 

Mənbə

Share: