Olimpiadaya lisenziya qazanan Azərbaycan güləşçisi: Azarkeşlərsiz mümkün olmazdı

Azarkeşlərsiz bu uğur mümkün olmazdı.

 

Bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) jurnalistlərə açıqlamasında deyib.

 

Yarımfinalda Alen Xubulov (Bolqarıstan) üzərində inamlı qələbə qazanan 31 yaşlı idmançı bunun üçün əlindən gələni etdiyini bildirib: “Komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətim var idi. Qələbə üçün əlimdən gələni etdim. Uğuruma görə, bütün məşqçi heyətinə təşəkkürümü bildirirəm. Federasiya da bizim üçün hər cür şəraiti yaratmışdı. Xüsusən də, azarkeşləri vurğulamalıyam”.

 

G.Meşvildişvili Fransada keçiriləcək olimpiadaya çempionluq üçün yollanacağını söyləyib: “Bütün rəqiblər yaxşıdır. Xüsusən də, Moldova idmançısını qeyd edərdim. Yarışa yüksək səviyyədə hazırlaşmaq lazımdır. Bütün idmançıların əsas arzusu olimpiya qızılını qazanmaqdır. Hamı bunun uğrunda döyüşəcək”.

 

Qeyd edək ki, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib. Meşvildişvili ilə yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) bunu bacarıblar.

Mənbə

Share: