Orxan Səfərov: “Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik”

“Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik”.

Milletinsesi.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında cüdo üzrə Avropa çempionu və ikiqat dünya mükafatçısı Orxan Səfərov bildirib.

31 yaşlı idmançı zədədən sonra idmana qayıtmasından və 6-13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında gözlənilən nəticələrdən danışıb: “Artıq 2-3 aydır ki, məşq edirəm. Yavaş-yavaş özümü yaxşı formada hiss edirəm.

Hər bir idmançı keçdiyi ağır məşqlərin nəticəsini görmək istəyir. Biz də dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik. Komandamız əla vəziyyətdədir. Hamı çox gözəl hazırlaşıb. Komandada əhvali-ruhiyyə yaxşıdır və bunun nəticəsi olaraq dünya çempionatından Vətənə medallarla qayıdacağımıza inanırıq”.

O bu gün Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün keçirilən ustad dərslərinin onlar üçün böyük motivasiya olduğunu qeyd edib: “Məşhur cüdoçularımızın burada olması və uşaqların onları izləməsi gələcək üçün yaxşı addımdır. Açığı, bu qədər uşağın bura yığışacağını gözləmirdim. Amma sevinirəm ki, cüdo Azərbaycanda bu qədər kütləvi və məşhurdur. Azərbaycan Cüdo Federasiyasına təşəkkür düşür ki, uşaqları bu idman növünə həvəsləndirən tədbirlər təşkil edir”.

Mənbə

Share: