Pandemiya ilə mübarizəyə ayrılacaq vəsait AÇIQLANIB

Səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsi xərcləri hesabına pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində sanitar-epidemioloji tədbirlər üçün 48,3 milyon manat vəsait proqnozlaşdırılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi texniki bazasının gücləndirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 47 milyon manat vəsait nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılmışdır. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Mənbə

Share: