Paşinyan kilsədən qovuldu

Ermənistanın Baş naziri Nikol Paşinyanın etiraz aksiyaları ilə əlaqədar Syünik vilayətinə səfərini yarımçıq saxlayıb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Baş nazir Sisian şəhərinin mərkəzi meydanında yerli sakinlərlə görüşü zamanı deyib.

Nikol Paşinyan bildirib ki, ölkədə matəmi nəzərə alaraq təxribata getmək istəmir: “Əminəm ki, Gorus və Qafana getsəm, sizin qarşıladığınız kimi qarşılanacağam. Ancaq bu gün deyil, növbəti dəfə. Yolları qəsdən bağlayıblar ki, bu şəhərlərin sakinləri ilə görüşlərim baş tutmasın”.

Sisianda Surb Qriqor Lusavoriç kilsəsini ziyarət edən Nikol Paşinyan oranı tərk etmək məcburiyyətində qalıb. Belə ki, kilsənin keşişi Pargev Zeynalyan Ermənistanın Baş nazirinin əlini sıxmaqdan imtina edərək hökumət başçısına məbəddən çıxmağı tövsiyə edib.

Qeyd edək ki, bu gün N. Paşinyanın regiona səfərinə mane olmaq istəyən Syünik sakinləri regionun girişini bağlayıblar. N. Paşinyanın regiona helikopterlə gəldiyi bildirilir. Baş nazir Sarnakuk kəndini, daha sonra isə Sisian şəhərini ziyarət edib.

Share: