Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası almaq üçün vətəndaşın ya minimum pensiya kapitalı olmalı, ya da ən azı 25 il sığorta stajı toplanmalıdır. Hazırda minimum pensiya kapitalı 46 min 80 manat təşkil edir. Əgər bir şəxsin hesabında 40 min manat pensiya kapitalı varsa, lakin bu məbləğ tələb olunan həddə çatmırsa və onun sığorta stajı da 25 il deyil, məsələn, 23 ildirsə, həmin şəxs yaşa görə əmək pensiyası hüququ qazana bilmir. Bu halda ona yalnız yaşa görə sosial müavinət təyin edilir.


