“Prezidentin bəyanatı Tehran rejiminin yeritdiyi indiki siyasətin mahiyyətinə adekvatdır…”

“Azərbaycan İrana qonşu bir dövlət kimi hörmət edir. Amma eyni zamanda ondan da qarşılıqlı olaraq hörmət və həssaslıq ummağa haqqı var…”

 

“Hesab edirəm ki, ölkə Prezidentinin İranla bağlı verdiyi bəyanat kifayət qədər sərt, açıq və diplomatik gücü olan bir bəyanatdır. Uzun illərdir ki, bu cənub qonşumuz Azərbaycanın heysiyyatıyla oynayır. Güc nümayiş etdirir, sərhəddə təlimlər keçir, hərbə zorba gəlir, ayrı-ayrı dövlət xadimlərinin, ordu nümayəndələrinin diplomatik etiketə sığmayan bəyanatlarını eşidirik. Yəni tarixi dəyərləri, ümumi islamı dəyərləri bölüşdüyün, qonşu olan bir dövlətlə bu cür, bu dildə danışmaq olmaz”.

 

Bu fikirləri professor Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında ölkə başçısı İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında Tehran rejimi ilə bağlı sərt açıqlamasını şərh edərkən ifadə edib.

 

 “Azərbaycan İrana görə siyasət yeritmir. Azərbaycan İrana qonşu dövlət kimi daim xoş münasibət bəsləyib. İran isə, çox təəssüf ki, bunun müqabilində yalnız görüntülər yaratmaqla məşğuldur. Yəni rəsmi Tehranın Ermənistanla qurduğu sıx və isti münasibətlər birbaşa Azərbaycanın  əleyhinə yönəlib. Amma halbuki, İranın  İsraillə həssas münasibətini nəzərə alıb uzun illər o ölkədə səfirlik açmırdı. Nəhayət, indi çox qətiyyətli addım atılaraq İsarildə səfirlik açılması qərarı verilib və bunu bütün Azərbaycan təqdir edir. Çünki İran İslam pərdəsi, İslam həmrəyliyi pərdəsi altında ölkəmizə, xalqımıza pislik etmək, ona arxadan zərbə vurmaq üçün daim fürsətlər arayır. Ona görə də belə qonşuluq, belə münasibət, belə dindaşlıq heç bir çərçivəyə sığan deyil. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan Prezidentinin verdiyi bəyanat Tehranın yeritdiyi indiki siyasətin mahiyyətinə çox adekvatdır. Ona görə də bütün ağlı başında olan adamlar bunu dəstəkləyir” -deyə həmsöhbətimiz əlavə edib. 

 

“Yəni İran anlamalıdır ki, Azərbaycan onun barmaq işarəsi ilə oturub-duran ölkələrdən deyil. Azərbaycan İrana qonşu bir dövlət kimi hörmət edir. Amma eyni zamanda ondan da qarşılıqlı olaraq hörmət və həssaslıq ummağa haqqı var. Təəssüf ki, İran, onun indiki rejimi bu tarixi reallıqları, mövcud gerçəklikləri nəzərə almadan Azərbaycana beyinlərindəki o köhnə stereotiplə yanaşırlar. Və onu da nəzərə almırlar ki, o ölkədə çoxlu sayda azərbaycanlılar yaşayır. Yəni onlar da bu Azərbaycana ikinci vətənləri kimi baxır. Qan bir, din bir, dil bir… Bu cür münasibətləri qoyub Ermənistana dəstək vermək, ona dron təlimləri keçmək, bu qəsbkar ölkəni hərbi cəhətdən yenidən dirçəltmək, “reanimasiya”da olan bir ölkəyə süni oksigen vermək – İran bütün bunlarla nəyə nail olmaq istəyir ki? Bu baxımdan hesab edirik ki, İranın bölgədə apardığı, Azərbaycana münasibətdə apardığı siyasət yanlışdır. Və Tehran rejimi bundan lazım olan nəticəni çıxarmalıdır”- deyə professor vurğulayıb.

 

Mənbə

Share: