“Prezidentin Füzuli rayonunda şəhidlərimizi anması onların xatirəsinə ən yüksək ehtiramın təzahürü idi”

“27 sentyabr – Anım Günü Azərbaycan Respublikasının hər guşəsində silsilə tədbirlərlə qeyd olundu. Azərbaycan xalqı şəhidlərini dərin hörmət və minnətdarlıqla andı. Bu il Anım Günündə cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Şübhəsiz ki, bu səfərin Anım Günündə baş tutması heç də təsadüfi deyil. Ölkə başçısının işğaldan azad olunan Füzuli rayonunda şəhidlərimizi anması onların əziz xatirəsinə ən yüksək hörmət və ehtiramın növbəti təzahürü idi”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonun Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Qaraxanbəyli Vətən müharibəsinin ilk günündə azad edilmiş kəndlərimizdən biridir. Məhz buna görə də bu kəndin yaxınlığındakı ərazi Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün seçilmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev burada ucaldılmış abidənin önündə çıxış edərək bütün Azərbaycan xalqının öz şəhidləri ilə fəxr etdiyini bir daha vurğulamışdır. Dövlət başçımız qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Həqiqətən də bu müharibədə Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. 44 gün ərzində Azərbaycan Ordusu hər gün yalnız irəliyə getdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı.

 

Əldə olunmuş tarixi Qələbənin əsasında ümumxalq birlik və həmrəyliyinin durduğunu vurğulayaraq millət vəkili deyib: “Azərbaycanın Qələbəsinin əsasında öz liderinə, öz Prezidentinə sonsuz bir inamla güvənən xalq və hər zaman xalqın dəstəyinə arxalanan Prezident durur. Azərbaycan xalqı ən həlledici məqamda öz iradəsini ortaya qoyaraq, dəmir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdi və işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq planlarının üstündən birdəfəlik xətt çəkildi, status məsələsi həmişəlik tarixin zibilliyinə atıldı. Əlbəttə ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı, ehtiramı və etimadı sonsuzdur. Bu gün isə işğaldan azad edilmiş rayon və bölgələrimizə etdiyi səfərləri ilə Prezident İlham Əliyev Azərbaycanın həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu bütün dünyaya əyani olaraq nümayiş etdirir.

 

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, bu tarixi hadisənin həm şahidləri, həm də iştirakçılarıdır. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Bu gün dünyanın hansı bölgəsində yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlı milli mənsubiyyəti ilə, qalib xalqın nümayəndəsi olmağı ilə fəxr edir. Bu gün hər bir azərbaycanlı fəxrlə, qürurla, başı dik yaşayırlar. Şübhəsiz ki, bu qüruru, bu fəxarət hissini şəhidlərimizə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bir daha Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhidlərimizi hörmət  və ehtiramla anırıq.

 

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, yaxılarına səbr versin!

 

Mənbə

Share: