Türkiyədə seçkilər yaxınlaşdıqca, siyasi hərarət davam edir. Prezidentliyə namizədlər öz platformalarını təqdim edir, müxtəlif mitinqlər və toplantılar keçirilir. Televiziya proqramlarında, sosial mediada yayımlanan verilişlərdə sualları cavablandıraraq daha çox seçicinin qəlbinə yol tapmağa, təbliğat-təşviqat dövrünün son günlərində daha çox səs toplamağı zəmanət altına almağa çalışırlar.
Modern.az Azərbaycan oxucusunun marağını nəzərə alaraq mövzu ilə bağlı silsilə yazılarını davam etdirir və bu dəfə prezidentliyə namizədlərin xarici siyasət kursunu və bu istiqamətdəki öncəliklərini araşdırıb.
Məlum olduğu kimi, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, “Cümhur İttifaqı”nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi “Millət İttifaqı”nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu “ATA İttifaqı”nın irəli sürdüyü namizəd Sinan Oğandır.
Hər bir namizədin xarici siyasətlə bağlı xəttini nəzərdən keçirməklə mövzu ilə bağlı əhatəli formada rəy sahibi olmaq mümkündür.
1. Rəcəb Tayyib Ərdoğan
Hazırda Türkiyə prezidenti olan Ərdoğan hakimiyyətinin ilk illərində aşkar Qərbyönümlü kursun tətbiqi ilə yadda qalıb. Türkiyənin Avrointeqrasiya yolunda irəlilədiyi dönəmə təsadüf edən həmin illərdə ölkənin Avropa İttifaqına tamhüquqlu üzv olması ilə bağlı danışıqlar 3 oktyabr 2005-ci ildə start götürüb. Bu dövrdə Aİ-yə üzvlük kriteriyalarına cavab verilməsi üçün 35 fəsillik islahatlar paketi nəzərdə tutulub ki, onlardan 16-sı icra olunmaq üçün açılıb, 1-i isə tam icra olunaraq bağlanıb.
Ərdoğan çıxışlarında tez-tez Türkiyənin Avropa standartlarında inkişafa çatmış ölkəyə çevrilməsi üçün bu fəsillərdəki müddəaların yerinə yetiriləcəyini, hətta Aİ-yə üzvlük üçün başqa əngəllər olacağı təqdirdə belə, bu müddəaların Türkiyənin inkişafı üçün icra olunmağa davam ediləcəyini bəyan edirdi. 2011-ci ildə Türkiyə hökumətində ölkənin Aİ-yə üzvlüyü üzrə ixtisaslaşan ayrıca nazirlik – Avropa İttifaqı Nazirliyi yaradılmışdı.
1952-ci ildən NATO üzvü olan Türkiyənin Avropa İttifaqı ilə yanaşı, Ərdoğanın baş nazirliyi dövründə ABŞ-la da çox yaxşı münasibətləri olub. Qərb dünyasının bir parçası olan Türkiyədə XXI əsrin ikinci onilliyinin sonlarına doğru tədricən xarici siyasətin reviziyadan keçdiyini söyləmək olar. Belə ki, tədricən müstəqil regional geopolitik mərkəzə çevrilməyə can atan Türkiyə Qərblə yanaşı, Moskva və Pekin kimi qütblərlə də münasibətlərini dərinləşdirmək xəttini tutdu.
Ərdoğanın dövründə NATO Türkiyəsi Rusiyadan S-400 sistemlərini aldı, F-35 proqramından çıxarıldı. Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusunu əldə etdi. 2018-ci ildə Avropa İttifaqı Nazirliyi ləğv olundu və Xarici İşlər Nazirliyinin tərkibində idarəyə çevrildi. Rusiya-Ukrayna müharibəsində də Ukrayna tərəfi dəstəklənsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Ərdoğan administrasiyası balanslaşdırıcı və vasitəçi mövqeyi tutmağa can atdı.
Region ölkələri ilə münasibətlərə gəlincə, Ərdoğanın dövründə məşhur “Qonşularla Sıfır Problem” konsepsiyası elan olundu. Lakin Suriya böhranı, Yunanıstanla əlaqələrdə vaxtaşırı dalğalanmalar, İraq və İranla zaman-zaman soyuqlaşan münasibətlər, Ermənistanla normallaşma prosesinin problemlərlə müşayiət olunması da bu dövrdə baş verib.
Bütün hallarda son 20 ildə Türkiyənin bölgədə mərkəz kimi geopolitik gücə çevrildiyini, Qara dəniz, Balkanlar və Qafqaz, Yaxın Şərq, Şimali Afrika və Şərqi Aralıq dənizi regionlarında nüfuzunun artdığını xülasə etmək mümkündür.
2. Kemal Kılıçdaroğlu
“Millət İttifaqı”nın vahid namizədi olan Kılıçdaroğlunun xarici siyasət prioritetləri ilə bağlı sədri olduğu Cümhuriyyət Xalq Partiyasının məramnaməsi ilə yanaşı, ittifaqın “Ortak Politikalar Mutabakat Metni” adlanan sənədə baxmaq lazımdır. İlk baxışdan fərqli təmayüllərdən gələn 6 siyasi partiyanın yer aldığı ittifaqın vahid xarici siyasət kursu formalaşdırılmasının problemli olacağı düşünülsə də, ittifaq bu konseptual sənəddə həyatın bütün spektri kimi, xarici siyasəti də ortaq şəkildə əhatə edə bilib.
Atatürkün “Yurdda Sülh, Cahanda Sülh” şüarına söykənərək xarici siyasət yürüdüləcəyi ilk bənddə elan olunub. Bütün ölkələrin, o cümlədən qonşu dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq prinsiplərinin, uyğunsuzluqların dinc və diplomatik üsullarla, dialoq vasitəsilə çözülməsinin prioritet təşkil edəcəyi vurğulanıb. Beynəlxalq hüquqa və bəşəri dəyərlərə, Avropa İttifaqına tamhüquqlu üzvlüyə, NATO üzvlüyünə sadiqliyə, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Xüsusi önəm kəsb edən digər məqam isə Rusiya Federasiyası ilə münasibətlərdə bərabərhüquqluluq prinsipinin önə çəkiləcəyinin qeyd olunmasıdır. Suriyalı qaçqınların beynəlxalq hüquq və insan ləyaqətinin ucalığına söykərək geri qayıtması, Kipr məsələsi, Egey və Şərqi Aralıq dənizi regionlarında, Afrikada ölkənin milli maraqlarına əsaslanan mövqelərin müdafiə olunacağı ifadə olunub.
ABŞ-la münasibətlərin daha yaxşı vəziyyətə gətirilməsi və problemlərin həlli, İsrail-Fələstin münaqişəsinin həllinə dəstək, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi önəmli məsələlər kimi vurğulanıb. Ümumilikdə əməkdaşlıq və tərəfdaşlığa söykənən xarici siyasət prioritetləri diqqəti cəlb edir.
Bir müddət əvvəl BBC-yə müsahibəsində həlledici məqam olan Qərb və ya Rusiya istiqaməti üzrə strateji seçimini açıqlayan Kılıçdaroğlu belə deyib: “Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik”.
3. Muharrem İnce
CHP üzvlüyündən istefa verdikdən sonra Məmləkət Partiyasını quran İncenin namizədliyi öz partiyası tərəfindən irəli sürülüb. İncenin xarici siyasət xətti təxminən Ərdoğan və Kılıçdaroğlunun siyasi kursunun sintezi kimi xarakterizə olunur. Belə ki, özünü atatürkçü adlandıran İnce də “Yurdda Sülh, Cahanda Sülh” devizinə uyğun olaraq xarici siyasətdə daha konservat və ehtiyatlı xəttin tərəfdarı kimi çıxış edir.
Bununla belə, o, müxtəlif müsahibələrində dəfələrlə bəzi “çılğın addımları” dəstəklədiyini bildirib. Məsələn, Suriya və Liviyada Türkiyə hərbi kontingentinin mövcudluğunu, “Mavi Vatan” doktrinasını məntiqli hesab etdiyini və buna dəstək nümayiş etdirdiyini, oxşar xətti seçiləcəyi təqdirdə davam etdirəcəyini söyləyib.
Elmə söykənən siyasətin işlənib-hazırlanacağını və tətbiq olunacağını bəyan edən İnce nə Qərbə, nə də Rusiya və Çinə yönələn Türkiyəni arzulamadığını, “tam müstəqil xarici siyasət yürüdən” Türkiyə görmək istədiyini açıqlayıb. İnce də iqtidardan fərqli olaraq suriyalıların ölkəni tərk etməsinin tərəfdarı olduğunu zaman-zaman elan edib.
4. Sinan Oğan
Özünü millətçilərin namizədi kimi təqdim edən Sinan Oğan ifrat sağçı Zəfər Partiyasının ətrafında qurulmuş “ATA İttifaqı” tərəfindən namizəd göstərilib. Oğan tez-tez anti-Qərb açıqlamaları ilə gündəmə gəlir. Analitiklər Rusiyada təhsil alan siyasətçinin Moskvaya daha isti münasibətinin olduğunu ifadə edirlər.
Türkiyə millətçilərinin ənənəvi olaraq uyğur türklərinin hüquqları məsələsində Çinə qarşı tənqidi mövqedə olmasına baxmayaraq Oğan bu mövzuda da fərqli yanaşması ilə seçilir. Belə ki, o, “uyğurlara qarşı şişirdilən qədər zülm yoxdur” ifadəsinə görə geniş ictimai qınağa tuş gəlmişdi. Sinan Oğan zaman-zaman siyasi baxışlarına görə avrasiyaçı da adlandırılır. Lakin özü bu iddiaları təkzib edir və Türkiyənin milli maraqlarından çıxış etdiyini ifadə edir.
Oğan suriyalı qaçqınlar məsələsində daha radikal qanadı təmsil edir. Belə ki, digər müxalifət namizədləri qaçqınların hüquq çərçivəsində ölkəsinə qayıtmalı olduğunu vurğulasa da, əsas siyasi konsepsiyası qaçqınların ölkədən çıxarılması olan Ümit Özdağın partiyasının yer aldığı ittifaqın namizədi olan Oğan lazım olarsa, zorla qaçqınların Suriyaya göndərilməsinin həyati əhəmiyyətə malik olduğunu qeyd edir.
“ATA İttifaqı”nın Türkiyənin NATO üzvlüyünə münasibəti də skeptikdir. Ümumilikdə Sinan Oğan xarici siyasət kursunu Türk dünyası ilə əlaqələr, Türkiyənin dövlət maraqlarının prioritet olacağı ilə xülasə edir.
Azərbaycana münasibət…
Qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan qardaşlığı nə bu günün, nə də dünənin məsələsidir. Bu qardaşlığın tarixi kökləri var və ölkələrdə siyasi hakimiyyətlərin xarici siyasət prioritetlərindən asılı olmayaraq münasibətlər hər zaman yüksək səviyyədə olub. Nuru paşanın rəhbərliyi altında Osmanlı Türkiyəsinin Qafqaz İslam Ordusu ilə Azərbaycanın yardımına yetişməsindən tutmuş, Kəlbəcərin işğalına görə Türkiyənin Ermənistanla sərhədləri bağlaması və diplomatik münasibətləri kəsməsinə, son olaraq 44 günlük müharibə dövründə Ankaranın Bakıya dəstək nümayişinə qədər özünü büruzə verib.
Məsələn, müharibə dövründə Türkiyə parlamentində təmsil olan AKP, MHP, CHP və İYİ Partiyanın fraksiya rəhbərləri Azərbaycana dəstəklə bağlı ortaq bəyanat imzalamışdılar. Göründüyü kimi, hazırda “Cümhur İttifaqı”nda yer alan AKP və MHP, eləcə də “Millət İttifaqı”nda yer alan CHP və İYİ Partiyanın nümayəndələri Azərbaycanla bağlı vahid mövqedən çıxış ediblər.
Ərdoğanın dövründə Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atılıb. 2010-cu ildə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Sazişə görə, ölkələrdən birinə qarşı hərbi hücum zamanı digər ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcək. Sənəd 23 maddə və 5 hissədən ibarətdir. Hərbi-siyasi və təhlükəsizlik problemləri, hərbi və hərbi-texniki əməkdaşlıq, humanitar məsələlər, iqtisadi əməkdaşlıq və ortaq və son müddəalar.
Müqavilə 21 dekabr 2010-cu ildə Azərbaycan Milli Məclisində, 2 Fevral 2011-ci ildə isə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilib. II Qarabağ müharibəsindən sonra isə tərəflər 2021-ci ildə Şuşa Bəyannaməsini imzalayıb. Bu sənədlə münasibətlər rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırılıb.
Azərbaycanda xüsusən, 44 günlük müharibə dövründə Azərbaycana edilən dəstək ictimaiyyət arasında Ərdoğanın gördüyü iş kimi qəbul olunur və bu, Türkiyə prezidentinə böyük rəğbət və simpatiya yaradır.
“Millət İttifaqı”nın hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla münasibətlərə gəlincə, “Ortak Politikalar Mutabakat Metni” sənədində Azərbaycanla əlaqələrə dair yazılıb: “Azərbaycanla qardaşlıq bağlarımızı qarşılıqlı güvən əsasına söykənərək daha da gücləndirəcəyik. Azərbaycanla Ermənistan arasındakı atəşkəsin qalıcı sülhə çevrilməsi üçün töhfə verəcəyik”.
Son günlər Kılıçdaroğlunun yayımladığı videoda göstərdiyi xəritə müəyyən tənqidlərlə müşayiət olunsa da, hətta Türkiyədə hakimiyyətə yaxın “Yeni Akit” mətbuat orqanının səhifələrinə nəzər yetirdikdə də Kılıçdaroğlunun Azərbaycanla bağlı müsbət fikirlərinə rast gəlmək mümkündür. 30 sentyabr 2020-ci ildə – 44 günlük müharibə dövründə Kılıçdaroğlu savaşla bağlı mövqeyini belə ifadə edib: “Tək millət, iki dövlət. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əgər hüququ istəyiriksə, Ermənistan işğaı etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Biz CHP olaraq bunu hər şəraitdə səsləndiririk. Bu mövzu əslində Türkiyədəki bütün siyasi partiyaların ortaq mövzusudur. Bunu bir milli məsələ olaraq görürük. Azərbaycana qarşı edilən haqsızlığa qarşı çıxmasaq, sadəcə Azərbaycan xalqına yox, əslində öz vicdanımıza qarşı da məsuliyyət hiss edərik… Azərbaycanlılar illərdir işğal edilən torpaqlardan Ermənistanın çıxmasını istəyirlər. İllərdir bu davam edir. Artıq bıçaq sümüyə dayanıb. Hələ gəlib azərbaycanlıları şəhid edirlər. Biz hamımız birlikdə bu mübarizəni aparacağıq”.
Ötən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədindəki silahlı toqquşmalara da Kemal Kılıçdaroğlu və “Millət İttifaqı”na daxil olan İYİ Partiyanın sədri Meral Akşener münasibət bildirərək Azərbaycanı dəstəkləyiblər. Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı Kılıçdaroğlu tviter səhifəsində aşağıdakı paylaşımı edib:
Dost ve kardeş ülkemiz Azerbaycan’ın İran Büyükelçiliğine yapılan hain saldırıyı kınıyorum. Hayatını kaybeden Büyükelçilik görevlisine Allah’tan rahmet, Can Azerbaycan’a başsağlığı, yaralılara acil şifalar diliyorum. Azerbaycan yalnız değildir. ????
— Kemal Kılıçdaroğlu (@kilicdarogluk) January 27, 2023
Muharrem İnce də prezident seçiləcəyi halda Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb: Əgər Allahın izni, millətimin razılığı ilə prezident seçilsəm, Azərbaycana daha böyük dəstək verəcəyəm. Mən daha artığını edəcəyəm. Heç qorxmadan, çəkinmədən azərbaycanlı qardaşlarımın yanındayam”.
Müharibə dövründə Azərbaycana dəstəyini ifadə edən İnce belə deyib: “Türkiyə güclü dövlətdir. Könlümüz, ürəyimiz, hər şeyimiz Azərbaycanla bərabərdir”.
İnce də Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumu pisləyib:
Azerbaycan’ın Tahran Büyükelçiliği’ne yönelik düzenlenen hain saldırıyı kınıyorum.
Saldırıda hayatını kaybeden görevliye Allah’tan rahmet, yaralılarımıza acil şifalar diliyorum. Can Azerbaycan asla yalnız değildir.
— Muharrem İNCE (@vekilince) January 27, 2023
İğdırda Azərbaycan əsilli ailədə anadan olan Sinan Oğan da seçiləcəyi təqdirdə Azərbaycanla münasibətlərin yüksək səviyyədə olacağına əminliyini ifadə edib. Bir müddət Azərbaycanda yaşayan, TİKA-nın Azərbaycan nümayəndiliyinin rəhbəri olan, İqtisad Universitetində dekan müavini olan və pedqoji fəaliyyətlə məşğul olan Oğan hələ gənclik illərindən Azərbaycanla əlaəqlərinin olduğunu, Elçibəylə görüşmək üçün SSRİ sərhədini gizlicə keçdiyini, Bakıya məktublar göndərdiyini söyləyib.
O, MHP-dən deputat olduğu dövrdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olub. Azərbaycanda çalışdığı dövrdə ordenə layiq görülən siyasətçi Ankaranın Bakı ilə münasibətlərinə hər zaman xüsusi diqqət yetirdiyini zaman-zaman vurğulayıb.
Ümumilikdə, Türkiyədə hakimiyyətə iddialı bütün siyasi qüvvələrin Azərbaycanla münasibətlərə isti yanaşdığı xülasə oluna bilər. Namizədlərin sosial şəbəkələrdəki səhifələrini nəzərdən keçirdikdə Azərbaycan üçün əlamətdar olan 28 may, 18 oktyabr və digər tarixlərdə hər il paylaşımlar edildiyini müşahidə etmək olar.