“Putinin aşpazı” Priqojin “Vaqner” qrupunu 2014-cü ildə şəxsən yaratdığını etiraf edib…

“Məhz vətənpərvər “Vaqner”çilərin igidliyi və cəsurluğu sayəsində DXR və LXR-in taleyi kökündən dəyişib…”

 

“Priqojin ötən əsrin 80-ci illərində oğurluq və soyğunçuluqla bağlı cəza çəkib…”

 

Rusiyalı mılyardçı Yevqeni Priqojin gözlənilmədən etiraf edib ki, “Vaqner” özəl hərbi şirkətini o, şəxsən özü yaradıb. 

 

Moderator.az xəbər verir ki, o, bu barədə özünün “Konkord” şirkətinin mətbuat xidmətinə verdiyi müsahibəsində deyib. 

 

Priqojin izah edib ki, 2014- cü ildə o, Donbasın müdafiəsi üçün könüllü dəstələrin yaradılmasını maliyyələşdirməyə cəhd edib.

 

Lakin uyğun namizədlər tapılmadığından özü belə bölmələrin yaradılması ilə məşğul olmaq qərarına gəlib. 

 

“O zaman mən poliqonların birinə uçub özüm bu işlə məşğul oldum. Köhnə silahımı təmizlədim, zirehli gödəkçələr topladım və bu işdə mənə kömək edə biləcək mütəxəssisləri tapdım. Elə həmin məqamdan, 2014-cü il may ayının 1-dən bir qrup vətənpərvər insanlarla “Vaqner”i yaratdıq. Məhz onların istisnasız olaraq igidliyi və cəsurluğu sayəsində Luqansk hava limanını və başqa əraziləri azad etmək mümkün oldu. Beləliklə, DXR və LXR-in taleyi kökündən dəyişib”, – Priqojin deyib.

 

Müsahibə “məzlumları müdafiə etmək”, “xeyir və ədalətin tərəfində ölənədək dayanmaq” və s. kimi “vətənpərvər epitetlər”lə doludur. 

 

“Vaqner” özəl hərbi şirkətinin yaradılması ilə özünün əlaqəli olmasını etiraf etmək arzusunu Priqojn belə izah edir: 

 

“Mən uzun müddət çoxsaylı rəqiblərimin zərbələrindən bir məqsədlə yan keçirdim – rus vətənpərvərliyinin əsasını təşkil edən bu uşaqları pis vəziyyətdə qoymaq istəmirdim. 

 

Bununla əlaqədar olaraq çoxsaylı məhkəmələrdə, o cümlədən xaricdə qələbə qazanırdım. Çünki istənilən işdə idman olmalıdır və oyunları rəqibin meydançasında udmaq lazımdır”.

 

Bu yaxınlarda sosial şəbəkələrdə Yevgeni Priqojinin ciddi rejimli həbsxanada məhbusların Ukraynada müharibəyə cəlb olunmasını göstərən video yayılıb.

Orada o, bəyan edir ki, onun “ordusunda” tanklar, artileriya və təyyarələr var. “Vaqner”in bölmələri Ukraynada döyüş əməliyyatında fəal iştirak edir.

 

Sonradan daha bir video üzə çıxıb. Həmin videoda “Vaqner” döyüşçülərindən birinin dəfn mərasimində Priqojin sinəsində Rusiya qəhrəmanının üç ulduzu ilə görünüb.

 

Rusiya hakimiyyəti uzun müddət özünün özəl hərbi şirkətlə əlaqəsini inkar edib, hərçənd “Vaqner”in əməliyyatlarının Rusiya müdafiə nazirliyi ilə koordinasiya olunması barədə fikirlər geniş yayılıb. 

 

Priqojinin özü ötən əsrin 80-ci illərində oğurluq  və soyğunçuluğa görə cəza çəkib.

 

Azadlığa çıxandan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Onun şirkətlərindən biri dövlətin yüksək vəzifəli şəxslərinin qidalanması ilə məşğul olub.

 

Ona görə də o, “Putinin aşpazı” ayaması ilə məşhurdur.

Mənbə

Share: