Qənirə Paşayeva “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Yəsəvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Bakıdakı Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Yəsvidən başlayan kamillik yolu” adlı ədəbi-bədii tədbirdə çıxış edib.

Tədbirin aparıcısı, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı tədbirin MM Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İctimai Birliyi,  “Yanardağ” Milli Xalça Evi, və “MediOld”un dəstəyi ilə keçirildiyini deyib.

Q.Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Xoca Əhməd Yəsəvini Türk aləminin dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdən, mənəvi dəyərlərin ustad, tərənnümçü və təbliğçisi – özü dəyər yaradıcısı olan  tarixi simalardan biri kimi xarakterizə edib:

“Əhməd Yəsəvi Türk dünyasının mənəvi həyatında yüzillərdir iz qoyan, “Piri-Türküstan”, “Həzrəti-Türküstan” ünvanları ilə anılan böyük mütəsəvvüf şairdir. O, “Yəsəviyyə” təriqətini müəyyən etmiş, bu gün dünyada böyük bir coğrafiyaya yayılmış “Nəqşibəndilik” təriqətinə də müxtəlif şəkillərdə təsir etmiş kamili-mürşiddir. Onun kəramətləri bütün Türk dünyasında ün qazanıb. Qardaş Qazaxıstanın Türküstan şəhərində yerləşən Yəsəvi türbəsi həmin bölgənin mənəvi mərkəzi olaraq qəbul edilməkdədir.

Əhməd Yəsəvi bu günkü Qazaxıstan Respublikasının güneyində, Çimkənd şəhərinin yaxınlığındakı Sayram qəsəbəsində doğulub. “Divani-hikmət”də yer alan iki şeirdə də doğum yeri olaraq Türküstan göstərilməkdədir. Atası Sayramda tanınmış alim olan İbrahim Şeyx, anası isə Aişə (Qarasaç) olaraq bilinməkdədir. Ana və atasına aid türbələr Sayramdadır. Bu türbələrin Buxarada mənəvi dərs alıb yenidən Sayrama qayıdan Əhməd Yəsəvi tərəfindən tikdirildiyi deyilir. Əhməd Yəsəvi ilk təhsilini atası İbrahim şeyxdən almışdır. İstər öz hikmətlərində, istərsə də müxtəlif qaynaqlarda Əhməd Yəsəvinin mənəvi feyz aldığı qaynaqlar arasında Həzrət Xızır ilə söhbət etdiyi rəvayət olunur. – Ona görə təsəvvüfi baxımdan önəm kəsb edən bu bilgini də Yəsəvinin təhsil dairəsindən hesab etmək olar. Həmçinin Əhməd Yəsəvinin mənəvi tərbiyə aldığı ocaqlar sırasında Arslan Baba həm çeşidli qaynaq və rəvayətlərdə həm də Yəsəvinin müəllifi olduğu hikmətlərdə davamlı xatırlanan bir sima olaraq diqqət çəkir. “Bab” və ya “Baba” ünvanı Türküstanda (özəlliklə tarixdə və hələ də İslamın ən diri şəkildə yaşandığı Fərqanə vadisində) irfan böyükləri üçün istifadə edilən bir ünvan olaraq bilinməkdədir. Tanrının sonuncusu elçisi Həzrət Məhəmmədin əziz əshabından olduğu bildirilən Arslan Baba, eləcə də, Orta Asiya sufilərinin öncüllərindən olan Çoban Ata Türküstanda İslamı yayma çalışmalarının ilk öndərlərindəndir.

Əhməd Yəsəvi “Divani-hikmət”i yazmaqla İslamı ərəb və fars dillərini bilməyən insanlara yetirmək məqsədi güdmüş, ən əsası isə təsəvvüfi, irfani məqamları şeir dili ilə çatdırmışdır.

Əhməd Yəsəvinin adi ilə bağlı olan Yəsəviyyə təriqəti bir çox müsbət məziyyətləri ilə digərlərindən seçilir. Milli kimliyi unutmadan və uca tutaraq, hətta yaşadığın torpağın, Vətənin aliliyini də nəzər alaraq, Türk dilini təriqət yolunda şüar seçən Əhməd Yəsəvinin yaradıcılığı təriqətlər arasında özünəməxsus fərqli yer tutur. Yazdığı hikmətlərdə təsəvvüfün ən dərin qatlarına şeir dili ilə toxunaraq, demək olar, bütün incə məqamlara işıq tutan Əhməd Yəsəvi bir növ, təsəvvüfün həm nəzəri, həm də əməli cəhətlərinə nəzər salmışdır. Türk dünyasının mənəvi atalarından biri olan bu ulu şəxsiyyətin hər bir şeiri insanların mənəvi dünyasını zənginləşdirməyə xidmət edir.

Əhməd Yəsəvinin təsəvvüfün dərin qatlarına varması, hətta Pey-ğəmbərin 63 yaşında vəfat etməsindən təsirlənərək özünə torpaq altında sığınacaq qazaraq 63 yaşdan sonra orada yaşaması onun nə qədər səmimi təsəvvüf yolçusu olmasını əyani şəkildə sübut edir.

Türk dünyasının müxtəlif yerlərindən gələn müsəlmanlara mənəvi ata, şeyx, mürşid olan Yəsəvi, təriqətini ərəbcə, farsca bilməyən türk dərvişlərinə anlatmaq üçün Türk xalq ədəbiyyatından alınmış şəkildə əsərlər yazmışdır. “Divani-hikmət” əsəri də bu niyyətin məhsuludur. Əsasən İslamın mənəvi, əxlaqi tərəfini anladan, aşılayan bu əsər bütün müsəlman aləmi, Türk dünyası üçün əvəzedilməz qaynaqlardan sayıla bilər.

Ümumiyyətlə Türk dünyasının təsəvvüf tarixinin, ədəbiyyat və mədəniyyət tarixinin ən palarlaq simalarından olan Əhməd Yəsəvi həzrətlərinin ölkəmizdə də geniş tanınmasında, hikmətlərinin dillər əzbəri olmasında böyük fayda görürəm”.

Komitə sədri “Divani-hikmət”in azərbaycancaya ilk dəfə tam və kamil şəkildə uyğunlaşdıranlara, kitabın redaksiya heyəti üzvlərinə və nəşrə dəstək verən Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “Divani-hikmət”in azərbaycancaya tam və kamil uyğunlaşdırmasının həmmüəllifi Tural İrfan, şair İlqar Türkoğlu, xeyriyyəçi Yılmaz Okuklu və b. çıxış edib.

Qazaxıstanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfirinin müavini Jandos Nurmaxambetov, QKTC-nin Bakı nümayəndəliyinin müşaviri Tevfik Ulual, keçmiş Fövqəladə və səlahiyyətli səfir Abbasəli Həsənov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, tanınmış alimlər, ziyalılar, vətəndaş cəmiyyət institutlarının, təhsil, mədəniyyət sektorunun təmsilçiləri, gənclər, ictimai fəallar tədbirdə iştirak edib.

Əməkdar artist Nuriyyə Hüseynovanın, tanınmış aşıq və vokalist İlham Əsgəroğlunun, tanınmış bədii qiraətçi Həlimət Sultanın Əhməd Yəsəvi hikmətləri üstə ifaları məclisə xüsusi rəng qatıb, tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Divani-hikmət”in azərbaycancaya ilk dəfə tam və kamil şəkildə Ə.Qoşalı və T.İrfan uyğunlaşdırıb. Kitabın məsləhətçisi, önsöz müəllifi Q.Paşayeva, rəyçiləri Prof.Dr. Dosay Gəncətay (Qazaxıstan), Elxan Zal Qaraxanlı, redaktorları Musa Nəbioğlu, Erkinbek Serikbay (Qazaxıstan), nəşrə məsul Arzu Bağırova, korrektoru Sədaqət Əliyevadır. Q.Paşayevanın çağırışı ilə xeyirxah işadamlarının dəstəyi ilə kitabın təkrar nəşri həyata keçiriləcək.

Mənbə

Share: