“Qara qutu” açılmayınca hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin rəy verməsi doğru deyil…”

“Ekspert müstəqil adam, şəxsiyyət olmalıdır ki, hər hansı bir olayı, faciəni, yaxud prosesi hansısa maraqlara uyğun deyil, obyektiv şəkildə şərh etsin…”
“Son günlər sosial şəbəkələrdəki “fəal”larla yanaşı, özlərini bütün sahələr üzrə ekspert sayanlar da 14 zabitimizin şəhid olduğu son vertolyot qəzası haqda heç bir əsas olmadan ağıllarına gələni danışırlar. Bilirsiz, hər adam, hər mütəxəssis ekspertlik edə bilməz. Əvvəla, ekspert olan şəxs işlədiyi sahəni, öz ixtisasını, peşəsini mükəmməl şəkildə bilməli, özü də açıqlamalarında müasir dünyanın həmin sahə ilə bağlı elmi, texnoloji və s. yeniliklərinə əsaslanmalıdır. İkincisi də ekspert müstəqil olmalıdır. Ekspert hansısa dövlət qurumunda xidmət edirsə, yaxud  hansısa siyasi partiyanın fəalıdırsa, onun ekspertlik etmək ixtiyarı yoxdur. Ekspert müstəqil adam, şəxsiyyət olmalıdır ki, hər hansı bir olayı, faciəni, yaxud prosesi hansısa rəsmi və ya qeyri-rəsmi qurumun maraqlarına uyğun deyil, obyektiv şəkildə şərh etsin və heç kəsdən asılı olmadan gerçək bildiyini söyləsin”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov  ifadə edib.
“Son vertoyot qəzasına gəlincə, bu haqda rəsmi şərh vermək üçün öncə “qara qutu”nun hər iki hissəsinin düzgün oxunmasını gözləmək lazımdır. Buna qədər hər hansı rəsmi və ya qeyri-rəsmi şəxsin mülahizələr söyləməsi doğru deyil.  Hesab edirəm ki, “qara qutu” açılanadək və müvafiq sahiyyətli istintaq orqanı rəsmi açıqlama verməyincə heç kəs rəy verib ictimaiyyəti çaşdırmamalıdır. Faciə ilə bağlı dövlət komissiyası yaradılıb və xalq onun üzvlərindən tam obyektiv, hərbi və elmi-texniki cəhətdən əsaslandırılmış açıqlama gözləyir…
Biz hazırda hələ də 44 günlük müharibənin qələbə eyforiyasındayıq. Amma məkrli erməni düşmənlərimiz öz havadarları vasitəsilə hər cür təxribata əl ata bilərlər. Odur ki, ayıq olmaq lazımdır” –deyə polkovnik əlavə edib.
“Onu da demək vacibdir ki, hər hərbi ekspert aviasiyadan danışa bilməz. Bəzən hətta hərbi təyyarələrin xüsusiyyətlərini bilən mütəxəssisin də vertolyotlardan, helikopterlərdən tam şəkildə anlayışı olmur. Digər tərəfdən, əsaslandırılmamış düşmən təxribatı versiyasını qətiyyən irəli sürmək olmaz, bununla Ermənistan faktorunu həddindən artıq şişirtmiş olarıq. Bəli, Rusiyada radioelektron silahlar var. Ancaq əgər belə silah o vertolyota qarşı tətbiq edilsəydi, ətraf ərazidəki digər elektron sistemləri də dayana bilərdi. Halbuki, bildiyimə görə, heç kəs belə bir şey müşahidə etməyib. Odur ki, xalqı, cəmiyyəti qorxutmaq lazım deyil. Belə hallarda insanlarda ümidsizlik yaranır”- deyə sabiq nazir müavini vurğulayıb.
Share: