Qarabağın minadan tam təmizlənəcəyi gün – gediləsi uzun yolun harasındayıq…

Hərbi ekspert: “Yaxın 10 il ərzində bu işlər davam etdirilməlidir”

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib. Bu barədə 2 gün öncə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib. “Bu günə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı”, – deyə məlumatda bildirilir.

Bu, əlbəttə ki, xoş xəbərdir. Qardaş ölkə hər zamankı kimi bu məsələdə də yanımızdadır və əlindən gələn köməyi əsirgəmir. Təəssüf ki, işdə bizə can yandıran ölkələr, xarici qurumlar barmaqla sayılacaq qədərdir. Halbuki Azərbaycan Prezidentinin də etiraf elədiyi kimi, minatəmizləmə çox bahalı işdir. Düzdür, bizim maliyyə imkanlarımız pis deyil. Ancaq Qarabağın bərpası kimi böyük vəsaitlər tələb edən problemimiz də var. Mina məsələsi isə şübhəsiz, 1-ci yerdəddir. Çünki bunsuz Qarabağa təhlükəsiz şəkildə Böyük qayıdış, ərazilərin bərpası və inkişafı tam həcmdə və sürətli mümkün deyil.  Problemin nə qədər mürəkkəb olduğu həm də ondan görünür ki, arada hərbçilərimiz, hətta sapyorlarımız da minaya düşür, xəsarət alırlar. Bəs görəsən, 20 aylıq müddətdə biz yolun nə qədərini qət edə bilmişik və daha neçə il lazımdı ki, prosesin sonuna çatacaq. Bununla bağlı artıq konkret proqnoz vermək mümkündürmü?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, işğaldan azad edilmiş ərazilər və keçmiş təmas xətti boyunca qeyri-standart minalanmış ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən təmizlənməkdədir: “Azərbaycanın bu sahədə 24 illik təcrübəsi var. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. ANAMA-nın başlıca məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları 44 günlük Vətən müharibəsindən sonra inkişaf etdirilib və etdirilməkdədir. Minatəmizləmə sahəsində bir neçə ilklərə, yeniliklərə imza atıldı. 24 illik faəliyyəti ərzində ANAMA 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

 Ramil Məmmədli

Artıq Zəngilanın Ağalı kəndinə insanlarımız köçə bilib. Bu, ərazidə mina və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi işlərinin yekunlaşması sayəsində mümkün olub. “Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən əhali üçün ANAMA tərəfindən mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilməyə başlanılıb.  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi Ağalı sakinlərini kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir. Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq”.

Hərbi ekspert bildirib ki, düşmən ordusunda uzun illər hökm sürən intizamsızlıq minaların basdırılmasında da özünü göstərib: “Ağıllarına hara gəlibsə, ora mina basdırıblar. Müharibədən sonra təqdim etdikləri mina xəritələrinin 20-30 faiz civarında özünü doğrultması da bununla bağlıdır. Odur ki, işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün hərtərəfli işlər görülür. Yaxın 10 il ərzində bu işlər davam etdirilməlidir. Bu istiqamətdə müasir texnologiyalardan istifadə olunur. ANAMA tərəfindən Mina Sahələrinin Havadan Tədqiqatı – RAMS (Remote Aerial Minefield Survey) texnologiyası ilə mina sahələri tədqiq olunur. Süni intellekt vasitəsilə keçən il ərzində Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Süni intellekt texnologiyalarının proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanına malikdir. Həmçinin süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tətbiqini təmin edir. Minaaxtarma fəaliyyəti üçün xüsusi öyrədilmiş itlərin də işğaldan azad edilmiş ərazilərə aparılması və mütəxəssislərə təslim edilməsi müsbət haldır. Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə ANAMA-nın potensialının artırılması istiqamətində davamlı işlər görülür.

Qarabağın minalardan təmizlənməsi Böyük qayıdışa təhlükəsiz yol açır  Xalqqazeti.com

Bu yaxınlarda daha 5 baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq. Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 baş minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 baş itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub. Öncəki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar”.

Hərbi ekspert bildirib ki, işğaldan azad edilmiş ərazilərdə MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492,06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkar edilib: “Ümumilikdə, Müdafiə Nazirliyi tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS zərərsizləşdirilib. Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, Ağdam və Füzuli rayonları istiqamətində bu ilin ilk 4 ayı ərzində ümumilikdə 1 014 872 kvadratmetr ərazi təmizlənib və 4 097 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işinə 50 nəfərdən ibarət FHN minaaxtaran bölmələri cəlb edilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, ilin 4 ayı ərzində 69 ha ərazi təmizlənib, 38 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.

Hərbi ekspert bildirib ki, mina və müharibənin partlayıcı qalıqları təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri də genişləndirilməlidir: “Vətəndaşlar diqqətli davranış və məsuliyyətli yanaşma sərgiləməklə həyatlarını qorumuş olarlar. Bununla da dövlətin bu sahədə gördüyü işlərə yardımçı olub tez bir zamanda Qarabağa qayıdışa dəstək verərlər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Share: