“Qarabağ”la oyunda azarkeşlərimizi yenidən təəccübləndirmək istəyirik”

“Patanqe” məğlubiyyətindən sonra təzyiq altında idik. Hətta öz aramızda da mübahisə etdik. Təbii ki, belə davam etməli deyildik. Çox xal itirmişik. Toparlanmağımızda komandaya rəhbərlik edən Bertran Krassonun əməyi böyükdür. O, komandada sərbəstliyi geri qaytardı”.

Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Düdelanj”ın kapitanı Conatan Juber Lüksemburq mətbuatına açıqlamasında deyib.

40 yaşlı qolkiper sabah “Qarabağ”la keçiriləcək oyun barədə də danışıb. O, Ağdam klubu ilə görüşdə azarkeşlərini yenidən təəccüblədnirmək istədiklərini bildirib:  “Avropa Liqasına uğurlu başlanğıc etdik. “Qarabağ” önündə də bunu xəyal etmək istəyirik. Hamımız bir nəticə barədə düşünürük. “Rosport” üzərində qələbə bizə özünəinamı qaytardı. Təbii ki, çempionatla avrokubok tam fərqli yarışlardı. “Rosport”u məğlub etməyimiz o demək deyil ki, bu gün özümüzü rahat hiss edirik. “Qarabağ”la matça hazırlaşmaq üçün vaxtımız var. Azarkeşlərimizi yenidən təəccübləndirmək istəyirik. “Qarabağ”ın avrokubokda böyük təcrübəsi var. Amma yenə də özümüzə inanırıq”.

Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Share: