Rəsm çəkən uşaq daha yaxşı inkişaf edir

Adətən uşaqlar rəsm çəkməyi sevirlər. Bu onların inkişafında da çox mühüm rol oynayır. Rəsm çəkərkən tamamilə sərbəst olduqlarından bu fəaliyyət uşaqlara öz dünyalarını yaratmaqda çox kömək edir.

Uşaqların inkişafını izləyən psixoloq və pedaqoqların gəldiyi nəticəyə görə, məktəbəqədər və məktəb dövründə uşaqlar çoxlu rəsm çəkməli və boyama ilə məşğul olmalıdırlar. Onların fikrincə, yaradıcılıq və əl bacarıqlarını inkişaf etdirən boyamanın uşaqlar üçün olduqca böyük faydası var.

Məşhur Valdorf məktəblərinin art-terapevtləri rəsm və boyamanın uşaqlara təsiri ilə bağlı araşdırmalar aparıblar.

Onların gəldikləri bəzi nəticələrlə sizi də tanış etmək istəyirik.

Uşağı boyama və rəsmlə nə vaxt tanış etmək lazımdır?

Mütəxəssislər körpənin iki yaşından boyama ilə tanış olmasını məqbul sayır. Bu vaxta qədər, şübhəsiz ki, körpə artıq əlində karandaş və flomaster tutmağı, kağız üzərində cızma-qara etməyi bacarır. 2-4 yaşlı uşaqlar üçün rəngləmə kitabı seçərkən, şəkillərin mürəkkəblik səviyyəsinə diqqət yetirmək lazımdır: onlarda  kiçik detallar mümkün qədər az  olmalı, bütün təsvirlər körpə üçün aydın olmalıdır. Körpənin ilk rəsmləri karandaşlarla rəngləməsi daha yaxşıdır: bununla körpənin rəsm çərçivəsindən kənara çıxmadan   rəngləməyi  öyrənməsi daha asan olacaq.

Boyama və rəssamlıq bacarıqlarının formalaşdırılması körpənin inkişafına bir çox tərəfdən müsbət təsir göstərir:

Əzələlərin inkişafı

Boyama əzələ inkişafı üçün çox vacibdir. Barmaq və əl əzələlərini intensiv şəkildə inkişaf etdirən rəsm fiziki inkişafda ən vacib fəaliyyətlərdən biridir. O, təkcə əllərdə və barmaqlarda kiçik əzələ qruplarını inkişaf etdirmir, həm də göz əzələlərini məşq etdirir. Bu isə  beyin-göz-əl koordinasiyasını təmin edir.

Fokus

Uşaqlar bir tapşırıq yerinə yetirərkən diqqətlərini asanlıqla itirə bilərlər. Ətrafdakı səslər, əşyalar, hadisələr onların diqqətini tez-tez yayındırır. Boyama uşaqlara diqqəti cəmləməyə və saxlamağa çox kömək edir. Əgər uşağınızın diqqətini cəmləməkdə problemi varsa, boyama fəaliyyətinə daha çox  zaman ayıra bilərsiniz.

Təxəyyül

Uşaqlar gün ərzində çoxlu xəyallar qururlar. Boyama və rəngləmə uşaqların xəyallarını daha da rəngarəng edir və onlar təxəyyüllərindəkini kağız üzərində canlandırmağa çalışırlar. Odur ki, uşaqlar öz yaradıcı yanaşmaları ilə bəzən böyükləri  təəccübləndirəcək şəkillər də yarada bilirlər.

Vizual yaddaş

Rənglər və formalar uşaqların yaddaşının inkişafında çox mühüm rol oynayır. Rəsm çəkərkən sağ və sol beyin eyni vaxtda işləyir. Buna görə də boyama və rəsm idrak inkişafı üçün çox vacibdir. Rəsm estetik baxışı yaxşılaşdırır, uşaqların vizual yaddaşını gücləndirir və incəsənətə marağını artır.

Bu fəaliyyətlər övladlarının istedadlarını kəşf etmələri üçün valideynlərə ipucu verir.

Ünsiyyət qurmaq

Boyama və rəsm uşaqlar üçün yalnız mexaniki fəaliyyət deyil. Uşaqlar rəsm çəkərək duyğu və düşüncələrini rəng və formaları olan kağıza köçürürlər. Uşaqlardan rənglədikləri və ya çəkdikləri şəkilləri  izah etmələrini xahiş etməklə ifadə bacarıqlarının inkişafını  da dəstəkləmək olar.

Boyama səhifələrində uşaqlar adlarını hələ bilmədiyi müxtəlif yeni obyekt və formalarla tanış olur, öz lüğətlərini yeni sözlərlə zənginləşdirirlər. Bu həm də körpənin rəngləri öyrənməsinə və real dünyada gördüyü obyektlərin xüsusiyyətlərini və formalarını (sarı günəş, yaşıl ot)  kağıza köçürməsinə kömək edir.

Uşaqlar əl işlərinin bəyənilməsini və başa düşülməsini arzulayırlar. Rəngləmə və şəkillər haqqında söhbət etməklə övladlarınıza dəyərli olduqlarını hiss etdirə, duyğu və düşüncələrini ətrafdakılarla bölüşməsinə təkan verə bilərsiniz.

Rəsm çəkmək, eyni zamanda, qəzəb, aqressiya və kədər kimi mənfi duyğularla yüklənmiş uşaqlar üçün çox yaxşı sakitləşmə və istirahət üsuludur. Art-terapevtlər vurğulayır ki, uşaqlar onları narahat edən duyğu və qorxulardan rəsm vasitəsilə xilas ola bilərlər.

Mütəxəssislərin qənaətinə görə boyama kitabı seçərkən uşağın yaşı, cinsi və maraqları da nəzərə alınmalıdır. İndi nəşriyyatlar qızlar və oğlanlar üçün ayrıca boyama kitabları nəşr edir. Valideyn bilməlidir ki,  hər qız pəriləri, hər oğlan da avtomobilləri sevməyə məcbur deyil. Ümumiyyətlə, indi internetdə hər hansı bir xarakterin rənglənməsi üçün boyama örnəkləri tapmaq çətin deyil. Uşağınızın maraq dairəsinə uyğun şəkilləri internetdən yükləyə və çap edə bilərsiniz. Diqqət yetirmək lazımdır ki, bu,uşağın başa düşəcəyi təsvir olsun.

Qeyd edək ki, siz də övladınızla birlikdə rəsm çəkməklə onunla daha səmərəli vaxt keçirə, onun ehtiyac və maraqlarından xəbərdar ola və onu dəstəkləyə, bununla da daha artıq etimadını qazana bilərsiniz.

Mənbə: “Azərbaycan Məktəbi” jurnalı

Mənbə

Share: