Rahib Qərib Ədalət Verdiyevdən ÜZR İSTƏDİ

 

Telejurnalist Rahib Qərib hərbi ekspert Ədalət Verdiyevdən üzr istəyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə R.Qərib feysbuk hesabında paylaşım edib.

“Ötən ilin sentyabrında “Facebook” səhifəmdə ad çəkmədən hərbi ekspertlərin ordudan qovulması haqda bir status paylaşmışam. Şərhlərdə izləyicilərimin bəziləri Ədalət Verdiyev haqda xoşagəlməz fikirlər yazıblar. Bu səbəbdən də həmin statusu pozmuşam. Üç ay sonra Ədalət Verdiyev mənim haqqımda şəxsi nüfuzuna xələl gətirilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. İyunun 1-də isə Binəqədi rayon məhkəməsi işlə bağlı təkzib verməklə üzr istəməyim haqda qərar çıxarıb. Mənim yazdığım statusda Ədalət Verdiyevin adının çəkilməməsinə, haqqında heç bir ağır, təhqiramiz ifadə işlətməməyimə baxmayaraq, məhkəmə qərarına sayğı göstərərək ona qarşı şəxsi nüfuzuna xələl gətirən ifadə və yanaşmalara görə üzr istəyirəm”, – R.Qərib bildirib.

Hərbi ekspert Ədalət Verdiyev də sosial şəbəkədə məhkəmədə qalib gəldiyini vurğulayıb:

“Adını heç zaman heç yerdə çəkmədiyim halda haqqımda ağlına gələni yazan, lakin yazdıqlarını sübut edə bilməyən Rahib Qəribi məhkəmə üzr istəməyə məhkum etdi. Mənə hüquqi yardım göstərən vəkil Xəlil Məmmədliyə dərin təşəkkürümü bildirirəm. İddianın YAŞAT fonduna 5000 manat vəsait köçürülməsi hissəsi təmin edilmədiyinə görə apellyasiya sikayəti verəcəm. Rahib üzr istəmə statusunda adımı heç zaman çəkmədiyi ilə bağlı dedikləri doğru deyil. Məhkəmədən barışmaq üçün vaxt alan Rahib gecə saat 1.10-dan 1.20-qədər adımı 15 dəfə çəkib, amma bu növbəti cinayət işinin tərkibi olacaq. Çünki Rahib məhkəməni aldadıb. Əldə etdiyi vaxtı mənimlə barışmağa deyil, məni təhqir etməyə sərf edir. İnsanın öz-özünə etdiyi pisliyi, kimsə edə bilməz. Dilinə, barmağına və beyninə sahib ola bilməyənlər cəzasını çəkməlidir. Üzrlü hesab edin ki, şəxsi məsələni ictimailəşdirməyə məcbur oldum”.

Mənbə

Share: