Ramazana hazırlıq üçün 7 faydalı məsləhət…- 9 GÜN QALDI…

“Oruc tutmağa zehni və emosional olaraq hazır olun…” 

 

“Bu  həm də ehtiyacı olanlara sədəqə vermək zamanıdır. Xeyriyyəçilik üçün nələri ianə etməyi və ya vaxtınızı yerli xeyriyyə təşkilatında könüllü  kimi çalışmağa həsr etməyi düşünün…”

 

“Ramazan –  müsəlmanlara Allahla əlaqəni dərinləşdirmək, səbir, xeyirxahlıq və səxavət kimi fəzilətləri inkişaf etdirmək fürsəti verən gözəl və müqəddəs aydır…”

 

“Ramazan bütün dünya müsəlmanları üçün böyük mənəvi əhəmiyyətə malik aydır. Bu, özünü araşdırma, özünü dünya nemətlərindən  məhrum etmə və Allaha bağlılıq dövrüdür. Müsəlmanlar bu ayda qəlblərini və zehnini saflaşdırmaq, Yaradana yaxınlaşmaq üçün səhərdən axşama qədər yemək, içmək və digər cismani ləzzətlərdən çəkinərək oruc tuturlar. Mübarək ayın başlanmasına cəmi 9 gün qalıb. Qədim romalıların dediyi kimi “praemonitus, praemunitus” – “xəbərdarlıq edilən silahlıdır!” Ramazan ayına nə qədər hazır olsaq, Allahın rizasını qazanmaq üçün bir o qədər çox imkanlarımız olar. Həqiqətən də, “şpaqat” hərəkətini etməzdən əvvəl idmançı hazırlaşır, əzələləri qızdırmaq üçün məşqlər edir – əks halda zədələnə bilər. Biz də Ramazan ayının başlaması ilə bağlı bütün çətinliklərin arxada qalması üçün əvvəlcədən zehni və fiziki cəhətdən də hazırlaşmalıyıq…

 

Bəzi vacib məsləhətləri təqdim edirik: 

 

1. Yuxu qrafikinizi tənzimləməyə başlayın. 

Ramazan ayında insanlar sahura (sübhdən əvvəl yemək) tez oyanır və təravih namazını qılana qədər gec qalırlar. Ona görə də Ramazan ayının başlamasına təxminən bir həftə qalmış yuxu rejimini tədricən tənzimləmək tövsiyə olunur.

 

2. Gündəlik qidalanmanızı düzgün planlaşdırın. 

Ramazan ayında oruc tutmaq fiziki cəhətdən ağır ola bilər, ona görə də qidalanmanızı əvvəlcədən planlaşdırmaq vacibdir. Pəhrizinizi tənzimləməyə və menyunu planlaşdırmağa başlayın. Sahur və iftar zamanı lif və zülalla zəngin qidalar yeməyə çalışmalı olacaqsınız. Həmçinin, çox şəkərli və ya qızardılmış qidaları tədricən kəsin.

 

3. Bədəninizin susuz qalmasına imkan verməyin. 

Tədricən bədəni bol su içməyə alışdırın. Oruc tutarkən orqanizmi susuzluqdan qorumaq üçün bol su içmək vacibdir. Siz həmçinin kokos südü, təzə meyvə şirələri və şorba(“sup”) kimi digər mayeləri də içə bilərsiniz.

 

4. Özünüzü intizama öyrətməyi məşq edin.

 

Ramazan özünü nizamasalma ayıdır. Ona görə də həyatınızın digər sahələrində də özünüzü məhdudlaşdırmağa çalışın. Məsələn, sosial şəbəkələrdə və ya televizora baxmağa sərf etdiyiniz vaxtı azaltmağa cəhd edin.

5. Mənəvi inkişaf üçün plan qurun. 

 

Ramazan mənəvi təfəkkür və yüksəliş vaxtıdır. Hər gün Quran oxumaq, dua etmək və əlavə namazlar qılmaq üçün vaxt ayırmağa çalışın. 

 

6. Ramazan ayında xeyriyyəçilik barədə düşünün.

Bu  həm də ehtiyacı olanlara sədəqə vermək zamanıdır. Xeyriyyəçilik üçün nələri ianə etməyi və ya vaxtınızı yerli xeyriyyə təşkilatında könüllü  kimi çalışmağa həsr etməyi düşünün.

7. Oruc tutmağa zehni və emosional olaraq hazır olun. 

Ramazan ayı zehni və emosional baxımdan çətin bir vaxt ola bilər; xüsusən də ilk dəfə oruc tutursunuzsa və ya başqa şəxsi problemləriniz varsa. Önümüzdəki aya zehni və emosional olaraq hazırlaşmağa vaxt ayırın. Unutmayın ki, Ramazanı hər kəs fərqli yaşayır, buna görə də səbirli olun və ayın mənəvi faydalarına diqqət yetirməyə çalışın. Ramazan –  müsəlmanlara Allahla əlaqəni dərinləşdirmək, səbir, xeyirxahlıq və səxavət kimi fəzilətləri inkişaf etdirmək fürsəti verən gözəl və müqəddəs aydır…”

“İslamtoday” nəşri

Allah namaz və oruclarımızı qəbul etsin!

Tərcümə və təqdim etdi:

Sultan Laçın

 

 

Mənbə

Share: