Rusiya taxıl razılaşmasından çıxır

Müqavilənin müddəti martın 18-də başa çatır, Moskva daha “ABŞ şirkətlərinin cibini doldurmaq” istəmir   

“Əgər taxıl razılaşmasının digər iştirakçıları müqavilələri bərabər əsaslarla yerinə yetirməyə hazırdırsa, Rusiya taxıl müqaviləsi üzrə öhdəliklərindən imtina etmir”. Bu barədə  martın 5-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalının efirində bildirib.

Mariya Zaxarova taxıl müqaviləsində iştirak edən bütün tərəflərin öz öhdəliklərinin  hamı üçün bərabər olduğunu xatırladıb.  “Bunlar təkcə bir tərəfin öhdəliyi, digər tərəfin isə fırıldaq və maxinasiyası olmamalıdır. Əgər bu razılaşma bərabərdirsə, deməli, biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, – XİN nümayəndəsi bildirib.

 

O, həmçinin əlavə edib ki, əgər söhbət Amerika şirkətlərinin “ciblərini doldurmaqdan” gedirsə, bu, ABŞ dövlət katibi Entoni Blinkenin hiylələrinə bənzəyir. “Əgər yeni müqavilə  yenə fırıldaqdırsa, onların taxıl ehtiyaclarını ödəmək üçün növbəti cəhddirsə və biz bu nümunələri əvvəlki sövdələşməsində də görmüşük “, – Zaxarova yekunlaşdırıb.

 Musavat.com yada salır ki, martın 5-də  BMT-nin Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb. Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ  diktə edir. O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.

Martın 3-də taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlarda dalana dirəndiyi bəlli olub.  Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin Qərb ölkələri tərəfindən sabotaj edildiyini açıqlayıb. Nazirliyin  bəyanatına görə, müqavilənin bağlanmasından səkkiz ay keçməsinə baxmayaraq, razılaşmanın Rusiyaya aid hissəsi icra edilmir, bu ölkəyə öz məhsullarını xaricə çıxarmağa imkan verilmir,  Ukrayna isə  məhsullarının ixrac edir. 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son açıqlamalarında da Qərbi  ölkəsinin kənd təsərrüfatı məhsullarının dünya üzrə ixracına maneələr yaratmaqda ittiham edib. Martın 1-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moskvanı martın 18-də başa çatacaq taxıl müqaviləsini uzatmağa çağırır. O qeyd edib ki,  ABŞ  müqavilənin uzadılmasına mane olan heç bir obyektiv səbəb görmür.

Qida müqaviləsi 22 iyul 2022-ci ildə İstanbulda bağlanıb. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və BMT-nin baş katibi Antonio Quterreş Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasının asanlaşdırılmasına dair memorandum imzalayıblar. Eyni zamanda, Ukrayna nümayəndə heyəti Türkiyə və BMT ilə taxıl ixracına dair müqavilə imzalayıb.

Müqavilə 18 noyabr 2022-ci ildə başa çatdı, lakin avtomatik olaraq 120 gün uzadıldı. Müqavilənin müddəti isə 2023-cü il martın 18-də başa çatır.  (müsavat.com)

Mənbə

Share: