Rusiyada hərbi xidmətə çağırış yaşı artırılır…

“İmkan verin döyüşək, bizi yarım ildir hazırlayırlar, biz bacararıq, bizi oraya buraxın…”

 

“Ölkənin hüdudlarından kənarda düşmənləri çəkindirmək üçün hərbçilər çatışmır…”

 

“Çağırış yaşının 18-dən 21-ə, son həddinin 30-dək artırılması mərhələli şəkildə olacaq və bir ildən üç ilədək zaman tələb edəcək…”

 

 

Rusiya prezidenti Vladimir Putin Rusiyada müddətli hərbi xidmətə çağırış yaşının artırılması ideyasını dəstəkləyib.

 

Moderator.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov bəyan edib. Məlumatı “Deutsche Welle” (“Alman dalğası”) nəşri yayıb.

 

“Bu ideya konseptual olaraq dövlət başçısı tərəfindən dəstəklənib”, – o, jurnalistlərə deyib və “bu ideyanın” detalları barədə Müdafiə Nazirliyinə müraciət etməyə çağırış edib ki, bu məsələdə dəlillərlə tanış olsunlar.

 

Dekabrın sonunda Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin hüdudlarından kənarda “düşmənləri” çəkindirmək üçün hərbçilər çatışmır və Rusiyanın nizami ordusunun artırılması üçün bir neçə tədbir təklif edilib.

 

Onlardan biri vətəndaşların çağırış yaşının 18-dən 21-ə, çağırış yaşının son həddinin 30 yaşadək artırılmasıdır.

 

Dövlət Dumasının müdafiə üzrə komitə rəhbəri Andrey Kartapolovun sözlərinə görə, 30 yaşınadək vətəndaşlar orduda xidmətə artıq 2023-cü ilin yaz çağırışı zamanı 18 yaşlılarla bərabər yollanacaq. Vəd edilən 21 yaş həddinin nə zaman artırılacağı bəlli deyil.

 

Kartapolov deyib ki, çağırış yaşının artırılması mərhələli şəkildə olacaq və bir ildən üç ilədək zaman tələb edəcək.

 

Onun sözlərinə görə, yaz çağırışınadək hər bir hərbi komissarlıq yeni tələblərə nə qədər şəxsin uyğun olmasını araşdırmalı və məlumatları hərbi tapşırıqlara uyğunlaşdırmalıdır.

 

Rusiyada müddətli hərbi xidmətə yaz çağırışı 2023-cü il aprelin 1-dən iyulun 15-dək baş tutmalıdır.

 

Bu günlər həmçinin tanınmış rusiyalı təbliğatçı Vladimir Solovyov birbaşa efirdə müddətli hərbi qulluqçuları müharibəyə göndərməyə çağırış edib. 

 

Onun sözlərinə görə, bir çox hərbi qulluqçular özləri bunu istəyir və deyir: “İmkan verin döyüşək, bizi yarım ildir hazırlayırlar, biz bacararıq, bilirik, bizi oraya buraxın”. 

 

Studiyada olan deputat Aleksandr Babakov vəd edib ki, parlamentarilər o cümlədən bu məsələ üzrə yaz sessiyasında “çox sıx” işləyəcək.

Mənbə

Share: