“Batırılan gəminin dəyəri 65 milyon dollardır…”
Rusiyalı təbliğatçılar isterik halda gəminin batması, ekipajın taleyinin isə bəlli olmadığı barədə məlumat verib
Bu gecə işğal edilmiş Krımda partlayışlar baş verib. Rusiyanın daha bir hərb gəmisi batırılıb.
Moderator.az xəbər verir ki, bu barədə “svoboda.com” nəşri məlumat yayıb.
“Ekipajı olmayan katerlərlə 22160 layihəsindən olan “Sergey Kotov” patrul gəmisinə hücum edilib. Gəminin işi bitib”, – məlumatda deyilir.
Rusiyalı təbliğatçılar “Sergey Kotov” gəmisinin batması və Rusiyanın sürətlə öz donanmasını itirməsindən təlaş içindədir.
Krım körpüsü hələ də nəqliyyatın hərəkəti üçün bağlıdır. İşğalçılar hazırda qatarların hərəkətinin dayanması barədə məlumat verib. Ən az doqquz qatarın hərəkəti ləngiyir.
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi baş verənlərlə bağlı rəsmi bəyanat yayıb.
“Martın 4-dən 5-ə keçən gecə Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin “Group 13” xüsusi bölməsi Rusiyanın Qara dəniz donanmasının “Sergey Kotov” gəmisinə hücum edib.
Missiya Ukrayna Silahlı Qüvvələri Hərbi-Dəniz Qüvvələri ilə əməkdaşlıq şəraitində və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə baş tutub”, – məlumatda deyilir.
Qeyd edilir ki, MAGURA V5 dəniz dronlarının zərbəsi nəticəsində Rusiyanın 22160 layihəli “Sergey Kotov” gəmisinin arxa hissəsi, sağ və sol bortu zədələnib.
“Kotov” gəmisinin od tutub yanması Ukraynanın ərazi sularında, Kerç boğazı yaxınlığında baş verib. Batırılan gəminin dəyəri təxminən 65 milyon dollardır”, – Baş Kəşfiyyat İsarəsinin məlumatında deyilir.
Krımda gecə partlayışları
Martın 5-nə keçən gecə işğal edilmiş Kerçdə güclü partlayışlar baş verib. Yerli sakinlər bu partlayışıarın şəhərin müxtəlif rayonlarında eşidildiyini deyib.
Rusiyanın “Teleqram-kanal”ları Kerçin müxtəlif rayonlarında təxminən saat 23:30-da 3-5 partlayışın eşidildiyi barədə məlumat verib. Beş dəqiqədən sonra Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb.