“Rusiyanın özü də Ermənistanı tələsdirir”- Qafar Çaxmaqlı

 

“Əslində, Azərbaycanın Ermənistan təklif etdiyi 5 maddəlik təklif qəbul olunub. Amma Ermənistan bu prinsiplərə əlavələrinin olduğunu bildirmişdi və orada belə hesab edirdilər ki, bu maddələrə Qarabağda yaşayan ermənilərin haqlarını da daxil edə biləcəklər”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspertin sözlərinə görə, Azərbaycanın qəti mövqeyi, yəni burada yaşayan əhalinin probleminin daxili məsələ olduğunu bildirməsindən sonra qarşı tərəfin bu prinsiplərə başqa bir əlavə etməsi mümkünsüz oldu: “Avropada və Rusiyada olan bütün danışıqlarda bu prinsiplərin beynəlxalq qanunlara uyğunluğu təsbit edildi və Ermənistan bundan qaça bilmədi”.

Q.Çaxmaqlı hesab edir ki, Ermənistanın bu aylar ərzində əsl məqsədi vaxtı uzatmaq olub və bunu da intensiv görüşlərdə edə bilmir: “Artıq onu sülhə məcbur edirlər. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da son açıqlamasında məhz bundan danışıb və artıq Ermənistana vaxt verilir. Həm də ölkədə gedən siyasi proseslərin Paşinyanın xeyrinə olmayacağından çəkinən hakimiyyət sülhə getməyə məcburdur. Rusiyanın özü də Ermənistanı tələsdirir. Ermənistan gözləyirdi ki, Rusiya – Ukrayna müharibəsinin nəticələrindən yararlanıb daha çox Avropa qurumlarını, beynəlxalq təşkilatları, ermənipərəst dairələri bu işə cəlb etsin. Bundan da qorxumuzun olmadığını gördü və İlham Əliyevin vasitəçi kimi sərhədlərdə beynəlxalq müşahidəçilərin gəlməsinə etiraz etməməsi də Ermənistanı duruma görə hərəkət etmə siyasətindən vaz keçməyə vadar etdi”.

Politoloq qeyd etdi ki, hazırda sülh sazişinin bağlanması üçün maneə yoxdur: “Texniki məsələlər həll edilir. Bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasını gözləmək olar. Razılaşdırılmayan məqamlar da ola bilər, onların özü bu işlə məşğul olan iki ölkə yetkililərinin işidir. Məncə, artıq prinsipial fikir ayrılığı yoxdur”.

 

Share: