“Səfirliyə hücum Azərbaycana hücum kimi qəbul edilməlidir”

Azərbaycan radikal erməni qruplaşmalarının Azərbaycanın Fransadakı səfirliyinə hücumuna görə Fransaya nota verib. Hücum nəticəsində dəyən ziyana görə Fransadan təzminat tələb edilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın Bakıdakı səfiri Zakari Qrossun nazirliyə çağırılaraq ona etiraz notası verildiyi bildirilib. Belə ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Fransadakı erməni diasporuna mənsub ekstremist qrupun hücumunun Fransa qanunlarını və ümumən qəbul olunmuş beynəlxalq hüquq normalarını pozduğunu Qrossa çatdırıb. Digər tərəfdən, hücum zamanı səfirlik binasına maddi ziyan dəydiyini bildirən Xələfov diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatına böyük təhlükə olduğunu bildirib.

 

Qeyd edək ki, Fransanın Diplomatik Münasibətlərə dair 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək öhdəliyi var. Hadisəyə, Fransa hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılaraq müvafiq hüquqi qiymət verilməli, cinayətkarlar məsuliyyətə cəlb olunmalı və təzminat ödənilməlidir.

 

Moderator.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın Türkiyə nümayəndəsi Hulusi Kılıç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, səfirliklər ölkələrin başqa ölkə ərazisində torpağıdır. O torpağı qorumaq da, səfirliyin yerləşdiyi ölkəyə aiddir. Onların problemidir.

 

“Fransada Azərbaycan səfirliyinə edilən hücum Azərbaycana edilən hücum kimi qəbul edilməlidir. Vyana müqaviləsi bunu əmr edir. Belə olmalıdır. Səfirliyin qarşısında hər hansı akisya keçirmək olar. Ancaq səfirliyin həyətinə girmək, binasına girmək böyük bir cinayətdir” – deyən Kılıç vurğulayıb ki, səfirliyi Fransa qorumalıdır. Amma Fransa üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bu isə beynəlxalq hüququn və Vyana sözləşməsinin pozulması deməkdir. Bu baxımdan da Fransa təzminat ödəməlidir.

 

“Səfirliklər çox önəmli missiyalardır. Səfirliklər iki ölkə arasında olan münasibətləri inkişaf etdirmək, gücləndirmək üçün vardır. İki düşmən ölkə arasında səfirlik olmaz. Bu səbəbdən də Fransanın bu məsuliyyəti yerinə yetirib, Azərbaycanın səfirliyini qorumalıdır. Ora Azərbaycan torpağıdır. Bu baxımdan Fransaya verilən nota yerində bir notadır. Fransa da öz üzərinə düşəni yerinə yetirmək məcburiyyətindədir” – deyə sabiq səfir Hulusi Kılıç qeyd edib.

 

Mənbə

Share: