Şəhid xanımları 8 noyabrı belə XATIRLAYIRLAR

 

İki il öncə Şuşanın işğaldan azad olunması xəbəri Azərbaycan xalqını ayağa qaldırdı. Hamılıqla küçələrə axışıb Zəfərimizi qeyd etdik, sevincimizi bir-birimizlə bölüşdük. Həm sevindik, həm də göz yaşlarımızı saxlaya bilmədik. Qəribə hisslər idi, heç vaxt yaşamadığımız duyğulu anlarla əhatə olunmuşduq…

Qarabağın alınmaz qalasının qəhrəman hərbçilərimiz tərəfindən fəth olunması üstümüzdəki məğlub damğasını götürdü, ölkəmizin tarixində yeni bir qələbə səhifəsi açdı. Canlarından, qanlarından keçən igidlərimiz torpaqlarımızı yağı tapdağından azad etməklə, bizi qalib xalqa çevirdilər.

Bu gün məhz onların sayəsində Zəfərimizin ikinci ildönümüyü qeyd edirik.

Əlbəttə, bu məqamda şəhidlərimizin Vətənə əmanət olan ailələrini unutmaq olmazdı. Bu gün ən gözəl təbriklər, ən xoş arzular məhz onların şəninə səsləndirilməlidir.

Biz Milletinsesi.az olaraq şəhidlərimizin ailələrini Zəfər Günü münasibətilə təbrik edərək, onların iki il öncəki 8 noyabr xatirələrini öyrəndik…

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə xanım deyir ki, Zəfəri xəbərini ona qardaşı verib:

“Anarın yasını qeyd edirdik, hamımız hüzn içində idik. Qardaşım zəng edib bildirdi ki, cənab Prezident xalqa müraciət edir. Ailəlikcə televiziyanın qarşısına keçib Zəfər müjdəsini dinlədik. Böyük sevinc və qürur hissi yaşadıq. Amma gözlərimizdən yaş süzülürdü, ruhumuzun dərinliyində bir sızıltı hiss edirdik. Əminəm ki, bütün şəhid ailələri o xəbəri bizim kimi yaşamışdı. Bəzi ailələr isə qələbə xəbərini cəbhədə olan yoldaşından aldı. Mən də istərdim ki, Zəfər xəbərini Anarın dilindən eşidim. Zəfər günündə məhz bizlərin daha çox danışmaq haqqımız var.  8 noyabr Zəfəri Azərbaycanın tarixində baş vermiş qanlı faciələri bizə az da olsa unutdurdu. Bu xalqa Zəfər yaraşır. Mən də şəhid ailəsi olaraq bütün Azərbaycan xalqını təbrik edirəm”.

Şəhid kapitan Quliyev Vüsalın həyat yoldaşı Fərqanə Quliyeva isə bildirib ki, ölkəmizdə Zəfər gününün qeyd olunması ona təsəlli verir:

“Əlimdə olsa 2020-ci ili təqvimdən silərdim. Bu il mənə ömrümün ən ağrılı günlərini yaşatdı, övladlarımı atasız, boynu bükük qoydu. Dünyaya göz açmamış körpəm ata qoxusuna həsrət qaldı. Zəfəri bizə yaşadan şəhidlərimizə Zəfər gününüz mübarək deyə bilmədik. Təsəllimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Zəfəri bizə yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Vətən müharibəsində şəhadətə ucalmış kiçik gizir Zeynal Zülfüqarlının ömür-gün yoldaşı Firuzə xanım iki il keçsə də, o günləri indi olmuş kimi yaşayır:

“Əlbəttə, o günü xatırlamaq çox çətindir. Həm sevinib, həm üzülmüşdüm. Çünki Zəfəri xalqa yaşadan qəhrəmanlarımız şəhid oldular. Kaş onlar da bu günü bizimlə birlikdə qeyd edərdilər. Amma onların yadigarları, övladları azad Azərbaycanda yaşayırlar. Qəhrəmanlar yurdu yaşatmaq üçün can verdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Zəfərimiz əbədi olsun”.

Şəhid gizir Qəzənfər Mütəllimovun xanımı Zöhrə Mütəllimova xalqımızı Zəfər günü münasibətilə təbrik edərək, xatirələrini bölüşüb:

“Bu gün yaşadığımız Zəfəri şəhidlərimizə və qazilərimizə borcluyuq. Bir şəhid ailəsi olaraq mən xalqımızı təbrik edirəm. Lakin hələ də itkilərimiz bizi sarsıdır. Vətənim bütöv oldu, amma ailəm yarım qaldı. 2020-ci il noyabrın 8-də insanların küçədə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir” şüarlarını eşidirdim. Mən hələ də Qəzənfərin yoxluğuna inana bilmirdim. Elə bilirdim ki, müharibə bitdikdən sonra zəng vurub sağ olduğunu deyəcək. Arzu edirəm ki, bir daha müharibə olmasın. Valideynlər oğulsuz, cavan gəlinlər başsız, uşaqlar atasız qalmasın. Zəfər xəbərini eşidəndə sevindim ki, yoldaşımın və şəhidlərimizin qanı yerdə qalmadı, qələbə qazandıq deyə ürəyimimiz rahatladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Mənbə

Share: