“Sərhəd boyu əldə olunan mövqelər erməni təxribatını qabaqcadan görməyə imkan verir”

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahli Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində həm Qarabağ ərazilərini, həm də Azərbaycanın Şərqi Zəngəzur bölgəsini düşmən tapdağından azad edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması tarixi hadisədir. Çünki 1992-ci ilin mayında Laçın şəhəri xəyanət yolu ilə düşmən əlinə keçmişdi, şəhər yandırılmışdı. Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsidir.

 

Bu barədə hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

 

O qeyd edib ki, müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusu düşmən təxribatlarına kifayət qədər tutarlı və adekvat cavablar verməklə onu öz ərazilərimizdən çıxarılması prosesini davam etdirib. Bunun nəticəsində Azərbaycan Ordusu hazırda bütün sərhəd boyunca – Araz çayının sahilindən Murovadək olan ərazilərdə kifayət qədər üstün və strateji mövqelərdə yerləşib. Sərhəd boyu əldə olunan mövqelər istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verir. Bu əlverişli mövqelər həm hərbi üstünlük, həm böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xətlərinə vizual nəzarət imkanı yaradıb.

 

“Bu mövqelərin bir çoxu son erməni təxribatları nəticəsində düşməndən tamamilə təmizlənib. Xatırladıram ki, sentyabrın 12-dən 13-nə keçən gecə cəmi 7 saat davam edən gecə döyüşlərinin nəticəsində Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Zəngilandan başlayaraq Laçından və Kəlbəcərdən Daşkəsənə qədər olan ərazilərdə 74 düşmən mövqeyini və 11 strateji yüksəkliyi azad edib. Hazırda Silahlı Qüvvələrimizin hissə və bölmələri düşmənin bütün manevrlərinə, onun yerdəyişmələrinə və təxribatlarına adekvat cavab vermək üçün kifayət qədər üstün mövqelərdə yerləşib. Nəzərə alaq ki, azad olunan ərazilərin dəniz səviyyəsindən mütləq hündürlüyü 2800-3000 metr arasında dəyişir və əməliyyatlar da gecə saat 12-dən səhər saat 7-yə qədər davam edib. Bu əməliyyatlar nəticəsində düşmən 1 milyard manata yaxın texnika və 400-dən çox canlı qüvvə itkisi ilə qarşılaşıb. Düşmənin bir çox texnikaları da Azərbaycan tərəfindən qənimət olaraq götürülüb. Bütün bu sadalananları nəzərə alsaq, biz artıq ordumuzun Ermənistan ordusundan nə qədər yüksək, peşəkar və üstün imkanlara malik olduğunu açıq şəkildə görə bilirik”, – deyə Ə.Verdiyev vurğulayıb.

 

Bildirib ki, Azərbaycan hazırda onilliklər boyu nəzarət edə bilmədiyi tarixi torpaqlarına nəzarət edir. Biz qəhrəman Ordumuzun və Müzəffər Ali Baş Komandamızın, xalqımızın dəstəyi sayəsində artıq əməliyyatları Ağdam, Tərtər, Goranboy və ya Horadiz istiqamətindən tarixi torpaqlarımız istiqamətinə dəyişə bilmişik.

 

“Hazırda Azərbaycan Ordusunun və DSX-nin bölmə, hissə və birlikləri düşmənin əhəmiyyətli kommunikasiya xətlərinə, təminat və təchizat yollarına nəzarət edir. 74 yeni döyüş mövqeyində və 11 strateji yüksəklikdə yerləşən Silahlı Qüvvələrimiz hazırda müdafiə və atəş sistemini yaratmaqla məşğuldur. Bölmələrimizin mövqelərinə yollar çəkilir, həmin mövqelər mühəndis baxımından daha da möhkəmləndirilir. Gələcəkdə düşmən təxribatlarının qarşısının alınması üçün zəruri olan bütün fəaliyyətlər tam həcmdə yerinə yetirilir.

 

Ermənistanın Laçın rayonu ərazisinə 1400-dən çox yeni mina döşəməsi, bu minaların 2021-ci ildə basdırılmasının Ermənistanın dövlət səviyyəsində cinayətidir. 2022-ci ilin sentyabrında sərhəddə törədilən təxribata cavabın Ermənistana, nəhayət ki, dərs olması, bundan nəticə çıxarmasının, sülh prosesini dayandırmağın mümkün olmamasını qəbul etməsi vacibdir”, – deyə hərbi ekspert sözlərinə əlavə edib.

Mənbə

Share: