Sərhəddə təxribat: Ermənistan yeni müharibəyə hazırlaşır

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

 

Eyni zamanda Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

 

Rəsmi Bakı xəbərdarlıq edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. “Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”, – məlumatda qeyd olunub.

 

Ermənistan yeni müharibəyə hazırlaşır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın Azərbaycanla siyasətində ziddiyətlər həmişə olub:

 

“Bu, Ermənistanın birinci belə hərəkəti deyil. Ermənistan həmişə sülh müqaviləsindən danışır, buna baxmayaraq yenə də, belə təxribatçı hərəkətlərlə məşğuldur. Əvvəl onlar bunu etiraf etmədilər. Lakin sonradan şərti sərhədimizə hərbi texnika yığdıqları məlum oldu. Burada məqsəd təxribat törətməkdən başqa nə ola bilər? Ermənistanın Azərbaycanla siyasətində ziddiyətlərin həmişə şahidi olmuşuq. Hər zaman bu ölkə sülh müqaviləsindən danışır, lakin yenə də təxribatlar törədir. Bu dəfə də Azərbaycanla şərti sərhəddə təxribat törətməyə cəhd edəcəkləri halda layiqli cavablarını alacaqlar. Möhtərəm cənab Prezidentin çıxışlarında, Xarici İşlər Nazirliyinin bəyanatlarında da sülhə yaxın olduğumuz diqqətə çatdırılıb. Parlament sədrimiz hörmətli Sahibə Qafarova Cenevrədə Ermənistan Parlament sədri ilə görüşündə verdiyi bəyanatlarda da sülh müqaviləsinə çox yaxın olmağımızı dilə gətirib. Belə bir dövrdə hərbi texnika və qurğuların Ermənistan tərəfindən Azərbaycan şərti sərhədinə yığılmasında məqsədi nə ola bilər?”.

Komitə sədri Ermənistanın bu addımının səbəblərini belə izah edib:

 

 “İlk növbədə Ermənistandakı revanşist qüvvələr Azərbaycanın qalibiyyətini həzm edə bilmirlər. Təəssüf ki, Paşinyan da hələ bunların öhdəsindən gələ bilmir.  Paşinyanın daxildəki düşmənləri onun normal, müstəqil siyasət yürütməyinə imkan vermir. Üstəgəl Ermənistanın xarici dəstəkçiləri onu ürəkləndirir. Belə ölkələr sırasında birinci Fransanı qeyd etmək istəyirəm. Məlumdur ki,Paşinyan aprelin 5-də ABŞ dövlət katibi ilə görüşəcək. Daha sonra onun Avropa İttifaqında görüşləri gözlənilir. Çox güman ki, Paşinyan Ermənistana hansısa vədlər verəcək. Buna görə də, o, şərti sərhədə hərbi texnika yığır. Lakin Paşinyan bir şeyi yaddan çıxartmamalıdır ki, 44 günlük Vətən müharibəsində ona vəd verənlər çox, yaxın duranlar az oldu. Bu dəfə də belə olacaq. Yenə deyirəm ki, Ermənistan hər hansı təxribata əl atacağı təqdirdə çox ciddi cavabını alacaq. Görünür, bunlar hələ də  “Dəmir Yumruq”dan lazımi nəticə çıxarmayıblar. Belə bir hərəkata yol versələr, yəqin ki, bu dəfə məsələyə birdəfəlik son qoyulacaq”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Ermənistanın Azərbaycanla şərti sərhəd boyunca hərbi texnika və artileriya qurğuları yerləşdirməsinin səbəbləri barədə danışarkən müharibə olacağını istisna edib.

 

“Çünki müharibənin olması üçün hər iki tərəfin ordusunun döyüşməsi lazımdır. Azərbaycan Ordusunun qarşısına çıxmağa Ermənistanın ordusu yoxdur. Ermənistan ordusu dağınıq bir haldadır və qısa müddət ərzində onu bərpa etmək qeyri-mümkündür. Burada Ermənistanın hansısa təxribatlarından danışa bilərik. Ayrıca olaraq şərti sərhəd boyunca Ermənistan silahlı qüvvələrinin cəmləşdirilməsi bu ölkənin Qərblə birgə fəaliyyəti kimi nəzərdən keçirilə bilər. Aprelin beşində üçtərəfli görüş keçiriləcək. Burada Ermənistana əsasən təhlükəsizlik təminatları veriləcək. Buna görə də, görünür Ermənistan Avropanın təlimatları əsasında əlavə təhlükəsizlik təminatının verilməsinin zəruriliyinə dəlalət edəcək bir vəziyyət yaradır. Yəni təxribat yaratmaq və Azərbaycandan cavab almaqla Ermənistan, həqiqətən də, təhlükəsizliyinə təminatın lazım olduğunu göstərəcək. Bu Avropya da maraqlı ola bilər. Avropa  öz cəmiyyəti qarşısında Ermənistanın təhlükəsizliyinə təminatların lazımlığını əsaslandırmaq istəyir.  Avropa Cəmiyyəti artıq bu məsələlərə birmənalı yanaşmır. Məsələn Ukraynaya göndərilən yardımların çoxluğundan şikayətlər var. Hətta bəzən iqtisadiyyatdakı geriləmələr məhz bu dəstəklə əlaqələndirilir. İndiki halda Ermənsitana  veriləcək dəstəklərin əsasını formalaşdırmağa çalışırlar”.

E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistan Avropanın əlində alət olduğunu təsdiq edib:

 

“Qərb Ermənstandan Rusiyaya qarşı geosiyasi mübarizəsində istifadə etmək istəyir. Ermənistanın Qərb platformalarına cəlb edilməsi, Rusiyanı narahat edir. Ermənistan isə alət rolunda çıxış etməyinin müqabilində Qərbdən Azərbaycana qarşı dəstək istəyir. Bu da təbii ki, Azərbaycanı düşündürür.  Ermənistan NATO ilə əməkdaşlığa daha yaxından qoşulmaqdadır. Avropa İttifaqının mülki missiyası, NATO-nun  missiyasına tranformasiya olmaqdadır.  Başlanğıcda mülki missiya formal xarakter daşıyırdı. Əslində isə  bu, Fransanın, Almaniyanın güc strukturlarının nümayındələrindən təşkil olunmuş bir missiya idi. Onların missiyası da mülki yox, elə hərbi-kəşfiyyat hərəkətlərini həyata keçirməkdi. İndiki zamanda Kanada və ABŞ-nin də mülki missiyada təmsil olunmaq istəyi göstərir ki, bu,  praktiki olaraq NATO-nun mülki missiyasıdır. Həm də bir suala cavab tapırıq ki, mülki missiya kim və nə üçün idi. Deməli, bu mülki missiya Qərbə regionda hərbi-siyasi mövcudluğu üçündür. Qərb mahiyyət etibarilə, bunu həyata keçirə bilib. Bu da Cənubi Qafqaz regionunda proseslərin təhlükəli məcrada inkişafından xəbər verir”.

 

Deputat bütün bunların Ermənistan Azərbaycanın təhlükəsizliyinə real təhlükə yarada biləcəyi anlamına gəlmədiyini söyləyib:

 

“Ermənistan heç bir halda Azərbaycanın qarşısında duruş gətirə bilməz. Amma biz ayrı-ayrı coğrafiyaların nümunələrində görümüşük ki, Qərb  hansısa coğrafiyada geosiyasi rəqibinə qarşı sərhəd açanda ora dəstək olur. Bütövlükdə bu dəstəkdən bütün region ölkələri və xalqları əziyyət çəkir. Bu, Rusiyanı, Gürcüstanı, İranı və Türkiyəni düşündürür. Bizi isə xüsusilə düşündürür. Çünki Ermənistan Qərbin dəstəyini Azərbaycana qarşı istəyir. Görünür ki, Qərb Ermənistana bir alət rolunda istifadə müqabilində Azərbaycana qarşı dəstək verməyə hazır olduğunu  göstərməyə çalışır. 5 aprel tarixində də hesab edirəm ki, bu istiqamətdə müzakirələr ediləcək, müqavilələr imzalanacaq. Lakin Qərbin Ermənistan üzərindən ikinci cəbhəni açmağa cəhd göstərməsi bu ölkə üçün ölümcül zərbə olacaq. Çünki  Qərbin geosiyasi eksperimentlər apardığı coğrafiyalar bu səbəbdən fəlaktlərə düçar olur. Düzdür, bu, regionda təhlükləszilik mühitinə mənfi təsir göstərə bilər. Lakin əsas zərər Ermənistana dəyəcək. Çünki Qərbi alət kimi istifadə etdiyi ölkələrin gələcəyi maraqlandırmır. Biz bunu başqa ölkələrin timsallarında görmüşük. Hesab edirəm ki, Ermənistanın son addımları 5 aprel Vaşinqton görüşü ilə əlaqəli ola bilər. Bunun ardınca Qərb Ermənistan üzərindən regionda vəziyyəti daha sistemli şəkildə gərginləşdirmək üçün addımlar ata bilər”.

Mənbə

Share: