Səudiyyə Ərəbistanı bütün diqqəti “Saudi Aramco”nun IPO-suna yönəldib

Səudiyyə Ərəbistanı bütün diqqəti “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsinə (IPO) yönəldib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib. O, keçən ay Səudiyyə Ərəbistanındakı neft obyektlərinə təşkil edilən hücumdan sonra ölkənin neft hasilatının tamamilə əvvəlki səviyyəyə qayıtdığını, hazırda bütün diqqətlərini “Saudi Aramco”nun IPO-suna yönəltdiklərini bildirib: “Təmirdən sonra Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 11,3 milyon barrelə çatıb. Gələcəkdə yarana biləcək çətinlikləri aradan qaldırmaq üçün də vasitələrimiz var. “Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə çalışırıq”.

“Aramco”nun səhmlərinin 1 faiznin Səudiyyə Ərəbistanı bazarında satışa çıxarılması planlaşdırır. 2020-2021-ci illərdə isə səhmlər beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Qeyd edək ki, “Aramco”nun səhmlərinin satışının ötən ilin ikinci yarısında olması planlaşdırılırdı. Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Share: