Saatlıda silsilə oğurluq edən dəstə üzvləri saxlanılıb

Saatlı rayonunda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, Saatlı rayon sakini Şivəxan Məmmədov polis şöbəsinə ərizə ilə müraciət edərək, özünə məxsus ümumi dəyəri 2190 manat olan xırda və iribuynuzlu heyvanların oğurlandığı barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin Saatlı rayon sakinləri Seyidvəli İbahimov, Kamran Zeynalov, əvvəllər məhkum olunmuş Ramin Şıxəliyev və Elnur Əliyev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Ətraflarında davam etdirilən tədbirlər zamanı onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, qrup üzvlərindən Ramin Şıxəliyev, Kamran Zeynalov və Seyidvəli İbrahimov aprelin 10-da rayonun Qaralar kənd sakini İlham Hüseynova məxsus həyətdəki tövlədən ümumi dəyəri 1200 manat olan 7 baş xırdabuynuzlu heyvan oğurlayıblar. Aprelin 16-da isə qrupun adı çəkilən 3 üzvü qabaqcadan əlbir olaraq başqa bir evdən 8 baş xırdabuynuzlu heyvan oğurlamağa cəhd göstərsə də, ev sahibinin səsini eşidib həmin yerdən uzaqlaşıblar. Elə həmin gün axşam saatlarında Saatlı şəhər sakini Rövşən Mürsəlova məxsus evin həyətinə daxil olaraq tövlədən ümumi dəyəri 1344 manat olan 10 baş xırdabuynuzlu heyvan oğurlayıblar. İstintaqın gedişi zamanı saxlanılan şəxslərin oxşar cinayət əməllərini İmişli və Sabirabad rayonlarında da törətdikləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Share: