Saxta kərə yağı istehsal edən sexlər aşkarlandı – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Milletinsesi.az-a verilən məlumata görə, Agentliyə Lənkəran, Masallı və Cəlilabad rayonlarında yerləşən, sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl etmədən fəaliyyət göstərən süd və süd emalı müəssisələrində qanunsuz yollarla süd məhsullarının – saxta kərə yağının istehsal olunması ilə bağlı məlumat daxil olub.

Daxil olan məlumat əsasında Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində reydlər keçirilmiş, xammalın qəbulu və istehsalı sahələrində anti-sanitar vəziyyətin hökm sürdüyü və emal prosesində müxtəlif bitki yağları – marqarin, spred yağlarından istifadə edilərək “nehrə yağı”, “kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması faktları öz təsdiqini tapmışdır. Yerlərdə aparılan araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub.

Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir:

1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi,

2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi,

3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi,

4) Masallı rayonu, Viləş kəndində yerləşən Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi,

5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi,

6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi.

Aşkar olunan qanunsuz fəaliyyətlər və onların nəticələri ilə bağlı geniş araşdırmaların aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Araşdırmalar davam etdirilir.

 

Share: