Şimali Koreya lideri 10 yaşlı qızını hakimiyyətə hazırlayır

Seuldakı bəzi ekspertlər hesab edirlər ki, Kim Çen Inın qızını varis roluna belə erkən hazırlamağa başlaması səbəbsiz deyil

Şimali Koreya lideri Kim Çen Inın 10 yaşlı qızını hakim sülalənin gələcək varisi roluna hazırlamaq üçün məqsədyönlü kampaniyaya başladığı haqda iddialar artıb. 

Şimali Koreya lideri qızını ilk dəfə ötən ilin noyabrında ictimaiyyət arasına çıxarıb. Sonra isə mətbuatda Kim Çen Inın və qızının (adı rəsmi olaraq adı açıqlanmır) “Hwaseong-17” qitələrarası ballistik raketinin sınaqlarında birlikdə iştirak etdikləri barədə böyük rəngli fotoreportaj dərc olunub. Elə həmin ay onlar yenidən bir araya gələrək raketlərin hazırlanmasında işrtirak edən mütəxəssislərlə görüşüblər. Fevral ayında isə Kim Çen In və qızı ordu kazarmalarını ziyarət ediblər, ertəsi gün birlikdə silahlı qüvvələrin paradını izləyiblər, sonra idman festivalında olublar. Ayın sonunda isə onlar Pxenyanda yeni mikrorayonun salınması mərasimində iştirak edərək, simvolik yer qazıblar.

kim çen ın qızı 4vqD5c4GNUuWRmg43a2N9A[1] (1).jpg (115 KB)

Müşahidəçilər azyaşlı qızın inamlı və çox sərbəst davranmasına diqqət çəkiblər. Bildirilir ki, qızı ilə ballistik raket sınağında, əsgərlərlə ünsiyyət qurulmasında, əhaliyə “qayğı elementləri” olan mikrorayon salınmasında iştirakı sırf təbliğata yönəlib. Mart ayında ölkədə Kim Zhue adlı qızın adına bir sıra poçt markaları buraxılıb, amma onun Kim Çen Inın qızı olub-olmadığı bilinmir. 

Şimali Koreya mətbuatı liderin qızı haqda bu ifadələri işlədir: “Sevimli uşaq”, “qiymətli uşaq”, “hörmətli uşaq…” Şimali Koreyada “qiymətli” və ya “hörmətli” sözləri yalnız ali liderə münasibətdə işlənə bilər. Məsələn, “qiymətli” epiteti heç vaxt Kim Çen Ina çox yaxın olan kiçik bacısı Kim Ye-Yonqun adını çəkərkən işlədilməyib. Baxmayaraq ki, bacısı Şimali Koreya liderinin tam etimadını qazanıb, həm partiyada, həm də ölkə diplomatiyasında mühüm rol oynayır, onu heç vaxt “qiymətli” adlandırmayıblar.

Seuldakı bəzi ekspertlər hesab edirlər ki, Kim Çen Inın qızını varis roluna belə erkən hazırlamağa başlaması səbəsiz deyil. Çünki xalq onu çox gec – atasının ölümündən cəmi bir il əvvəl, 2011-ci ilin dekabrında ilk dəfə tanıyıb. Inın idarəetmə təcrübəsinin olmaması, məmurlara nəzarətin qurulması ilə bağlı problemlərini yada salan ekspertlərə görə, Şimali Koreya lideri bu səbəbdən gələcək hökmdarı hakimiyyətə erkən hazırlamağa başlayıb. 

1676166662.069.jpg (56 KB)

Amma bəzi ekspertlər Şimali Koreyada cəmiyyətin son dərəcə patriarxal xarakterini, orada qadınların çox aşağı statusunu xatırladır. Mütəxəssislər ölkənin dövlət quruluşunun özəyi sayılan silahlı qüvvələrin ali komandanı vəzifəsini ən yüksək nəsildən olan qızın belə idarə edə biləcəyinə şübhə ilə yanaşırlar. Bu nöqteyi-nəzərin tərəfdarları hesab edirlər ki, Kim qızı ilə yalnız xalqın özünə və ailəsinə rəğbətini gücləndirmək üçün görünür.

Amma başqa versiya da var. Şimali Koreya liderinin üç övladı olduğu və onların arasında ən böyüyünün oğlan olduğu deyilir. Lakin  Şimali Koreya ilə bağlı məlumatların toplanması və təhlili ilə məşğul olan Cənubi Koreyanın müvafiq idarəsi bu barədə etibarlı məlumatın olmadığını bildirib. Kim Çen Inın hər üç övladı qızdırsa, ola bilsin ki, həm xalqı, həm də hərbi elitanı qadının Pxenyan taxtına çıxması perspektivinə alışdırmaq üçün onu mümkün qədər tez təbliğ etmək lazım gəlib…

Mənbə

Share: