Siyasət və geosiyasət böyük güclərin biznes maraqlarına xidmət edən alətlərdi…

Bizim bir çoxumuz Ukrayna ilə Rusiya arasında baş verən hərbi münaqişənin köklərini dərindən araşdıra bilmirik. Bu isə ondan irəli gəlir ki, əksəriyyətimiz Qərbin demokratiya, insan haqları kimi dəyərlərə gerçəkdən sədaqətli  olduğuna inanırıq. Dəfələrlə demişəm, bir daha təkrar edirəm – dünyada siyasət və geosiyasət yoxdur! Siyasət və geosiyasət adlanan bu oyunların arxasında böyük güclərin biznes maraqları dayanır. Bu maraqlar ortada olduqca, Qərb Ukrayna, Ermənistan, Gürcüstan və bu kimi digər ölkələrdən o maraqları reallaşdırmaq aləti kimi istifadə edəcəkdir. 

 

Gəlin ardıcıllıqla baxaq. Öncə Gürcüstanda nələr baş verdi? Qərb bu ölkədə M.Saakaşvilini hakimiyyətə gətirdi. O, iki prezidentlik müddətində Gürcüstanda Qərbin görmək istədiyi  demokratik bir ölkə yaratdı. Bir sözlə, M.Saakaşvili ölkəsinin demokratiyaya doğru 100 illik yolunu ən azından 10 dəfə qısalda bildi. Qərb də ilk vaxtlar onun bu uğurlarına bəh-bəh deyib, əl çaldı. Bəs sonra nə baş verdi? Bunu hamı bilir. Həmin o Qərb, Gürcüstanda hakimiyyətə Rusiyanın yaxın adamı B.İvanaşvilinin sahiblənməsinə imkan yaratdı. B.İvanaşvili isə ilk fürsətdə Qərbin böyük dostu M.Saakaşvilini həbsxanaya atdırdı. Bu gün M.Saakaşvili Gürcüstan həbsxanasında can verir, Qərb isə Saakaşvilini artıq çoxdan dəfn edib.

 

Bu gün Qərb Gürcüstanda baş vermis demokratiya oyunlarını  eynilə Ermənistanda oynayır. Qərb eyni oyunu, bir başqa formada V.Zelenski ilə oynayır. Çox təəssüf edirəm ki, bütün bu baş verənləri bizdə olan əksər siyasi şərhçilər real dəyərləndirə bilmirlər. Hamı demokratiya uğrunda mübariz olub, Ukraynanın bu müharibədə qalib gələcəyinə inandırmağa çalışır. Mən də çox istərdim ki, Ukrayna bu müharibədə qalib gəlsin, çünkü Azərbaycanın tarix boyu bütün acılarının əsas günahkarı Rusiya olub. Lakin reallıq budur ki, Ukrayna bu müharibəni artıq uduzub. Qərb Gürcüstanı öz maraqlarına necə qurban verdisə, bu gün də eyni qaydada Ukraynanı qurban verir. Ukraynaya edilən bütün yardımlar isə Qərb üçün sadəcə qəpik-quruş qədər xərclərdi. Bu gün Qərbdə ortalıqda 30 trliyon dollara qədər sərbəst vəsait dolanır və bu vəsaitlər özünə sərfəli tətbiq məkanı axtarır. Həmin vəsaitlərin bir neçə yüz milyard dollarını Ukraynaya “yardım” kimi istifadə etmək Qərb üçün problem deyil. Əvəzində, Qərb yaxın gələcəkdə dünyanın yenidən bölgüsündə böyük paylara sahiblənməyi hədəfləyir. Bax, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Ukrayna üzərindən bu gün yürütdüyü “geosiyasətin” əsil mahiyyəti bundan ibarətdir. Qarşıda dünyanın iqtisadi və siyasi xəritəsinin yenidən çəkilməsi kimi ciddi prosseslər dayanır. Qərb və ilk növbədə ABŞ öz oyunlarını bunun üzərindən qurur.  

 

Bir sözlə, görünən budur ki, Qərb Rusiyanın bu müharibədə məğlubiyyətini qətiyyən istəmir. Əgər Qərb bunu istəsəydi, müharibənin davam etdiyi 2 ildən çox müddət ərzində Rusiyaya qarşı elə sanksiyalar tətbiq edərdi ki, ən azından bu ölkənin hərbi sənayesi bir qədər zəifləmiş olsun. Müharibə başlayandan ötən müddət ərzində Qərbin 60 ölkəsinin Rusiyaya qarşı  tətbiq etdiyi 20 minə yaxın sanksiyalardan sonra Rusiya hərbi sənaye məhsullarının istehsalını 4 dəfəyə qədər, ən müasir tankların istehsalını isə 5 dəfədən çox artıra bilib. Ukrayna ordusu tərəfindən Rusiyanın bir təyyarəsinin vurulmasını bayram edənlər bilməlidirlər ki, bu gün Rusiya hərbi təyinatlı təyyarə, helikopter və pilotsuz uçuş aparatları daxil 50-dən çox növdə müxtəlif uçaqlar istehsal edir.  Bütün bunlar isə Rusiyaya son aylarda Ukrayna cəbhəsində irəliləməyə imkan verir. 

 

Unutmayaq ki, Qərb Rusiyanın hərbi potensialı ilə hesablaşmaq  məcburiyyətindədi. Nüvə silahı xaric, bu gün Rusiyanın hərbi potensialını danmaq ağılsızlıq olardı. Görünən odur ki, bu müharibə Rusiyadan daha tez Ukraynanın parçalanması ilə nəticələnəcək…

 

Fikrət Yusifov, 

Iqtisad elmləri doktoru, professor

 

 

Mənbə

Share: