Tərlan Əhmədov: “İstərdik ki, “Kəpəz” öz meydanında oynasın”

“Əlimizdə olan hər bir şansı dəyərləndirib xal qazanmağa çalışacağıq.”

Milletinsesi.az-ın Qərb bürosunun məlumatına görə, bunu “Kəpəz”in yeni baş məşqçisi Tərlan Əhmədov Gəncə təmsilçisi ilə müqavilə imzaladıqdan sonra mətbuat konfransında bildirib.

50 yaşlı mütəxəssis komandanın 5 oyundan sonra xalsız olmasını fiziki deyil, psixoloji durumla əlaqələndirib: “Bunun üçün də zamana ehtiyac var. Düzdür, zamanımız azdır, amma çalışacağıq ki, bu problemi həll edək. Komandanı ən azı axırıncı yerdən çıxarıb, ruh yüksəkliyi yaratmalıyıq”.

O bildirib ki, “Kəpəz” bunadək iddialı komandalarla qarşılaşıb: “Sadəcə. “Sabah”la oynanamışıq. Məqsəd uğurlu çıxışla xallar qazanıb turnir cədvəlində irəliləməkdir. Qarşıda bizi ağır oyunlar gözləyir. Çalışacağıq ki, həmin matçlarda uğur əldə edək”.

Əhmədovun sözlərinə görə, hələlik komandaya yeni futbolçunun cəlb olunması gözlənilmir: “Bilirsiniz ki, transfer pəncərəsi bağlıdır. Azad agent tapmaq isə çətindir. Lakin rəhbərliklə komandaya hansı futbolçunu dəvət edə biləcəyimizi, gələn oyunçunun bizə nə kimi köməklik göstərəcəyini və digər məsələləri müzakirə edəcəyik”.

Təcrübəli baş məşqçi komandanın uğursuz çıxışına görə azarkeşlərin klub rəhbərliyindən incik düşməsini və narazılıqlarını sosial şəbəkələrdə qeyd etmələrinə də toxunub: “Hər bir şəxsin belə yanaşması ola bilər. Gəncə futbol şəhəridir, böyük futbol ənənəsi var. Burada demək olar ki, hamı futbolla yaşayır. Böyük işlər olan yerdə fikir ayrılıqları da olur. Amma indi hammız birlikdə komanda üçün çalışmalıyıq, hər kəs bizə dəstək olmalıdır. Azarkeşlər komandanın 12-ci oyunçusudur, Gəncə futboluna hər zaman rəng qatan azarkeşlər olub. Biz artıq şəxsi fikirlərləri bir kənara qoyub birlikdə çalışmalıyıq. Bəli, tövsiyələr olmalıdır, lakin indi fikir ayrılığına yer yoxdur. Çalışacağıq ki, azarkeşlərlə də tez-tez görüşək və fikirlərini dinləyək”.

Mütəxəssis “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməməsinin onlardan asılı olmadığını söyləyib: Stadion qəzalı vəziyyətdədir, təmirə ehtiyacı var. İstərdik ki, “Kəpəz” öz meydanında oynasın. Problemin həlli üçün idarə heyəti danışıqlar aparır. Amma biz Gəncədə yox, Qəbələdə oynayırıqsa, elə orada da uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, Tərlan Əhmədov “Kəpəz”də Yaşar Vahabzadəni əvəzləyib. O, Gəncə təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Mənbə

Share: