
Azərbaycanda taksi qiymətlərinin artacağı barədə xəbər ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial şəbəkələrdə açılan müzakirələrdə hazırda taksilərdə gediş haqqının insanların cibinə uyğun olduğunu deyən bir çox vətəndaşlar bahalaşmaya etirazlarını bildirirlər.
Məlumat üçün qeyd edək ki, bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik edilməsi geniş əks-səda doğurub. Bəzi deputatların narazılığa cavab olaraq, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev parlament tribunasında çıxış edərək, dəyişikliyin səbəbini izah edib. O, ölkəmizdə taksi qiymətlərinin çox ucuz olduğunu bildirib.
“Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır”, – deyə nazir vurğulayıb.
Rəşad Nəbiyev taksilərin sayının azaldılması məsələsinə də aydınlıq gətirib:
“Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”.
Bəs region ölkələrində taksi qiymətləri necədir?
Modern.az-ın apardığı araşdırma göstərir ki, dünyada ən ucuz taksi xidməti Azərbaycanda deyil.
Statistikaya əsasən, dünyada 1 kilometrə görə taksi xidmətlərinin ən aşağı qiyməti Hindistanda qeydə alınıb. Belə ki, Hindistan vətəndaşları 1 kilometr gediş üçün 0.24 $ ödəyir.
Qonşu ölkələrə gəlincə, Ermənistanda taksi qiyməti 1 kilometrə görə təxminən 0.26 dollar təşkil edir. İranda bu məbləğ 0.35, Rusiyada 0.36, Türkiyədə 0.42 dollardır. Gürcüstanda isə gediş haqqının bir kilometr üzrə 0.40 dollar olduğu bildirilir.
Ümumilikdə Azərbaycan dünya ölkələri arasında ucuz taksi xidmətinə görə 20-ci yerdə qərarlaşıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda taksi ilə 1 kilometrlik gediş ortalama 0.59 dollardır.
Dünyanın ən bahalı taksi xidmətləri isə İsveçrə (4.36 $), Lüksemburq (3.28 $), Kuveyt (3.26 $) və Yaponiyada (2.90 $) fəaliyyət göstərir.
Bundan əlavə, taksi qiymətləri Özbəkistan və Filippində 0.27, Moldovada 0.28, Ukraynada isə 0.30 dollardır.
Mənbə: www.numbeo.com


