“The Financial Times” Türkiyədəki seçkilərdən bəhs edib…

Türkiyə ixracatı 2022-ci ildə rekord həddə çatdı. Ucuz lirə və Rusiya ilə daha sıx əlaqələr ticarəti gücləndirir, Ərdoğanın yenidən seçilmək şansını artırır. Məşhur “The Financial Times”ın Türkiyə ilə bağlı yazısının başlığı belədir. 

 

Qəzet bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi televiziyada çıxışı zamanı bildirib ki, Türkiyə 2022-ci ildə 254 milyard dollarlıq satışla ixracatda dəyərə görə 100-də 13 artım əldə edib. 

 

“The Financial Times” vurğulayır ki, Türkiyədə minimum maaşın 455 dollara qaldırlması, 2 milyon nəfərin erkən təqaüdə çıxmasına imkan yaradılması kimi amillər Ərdoğanın xeyrinə işləyir.

 

Ümumiyyətlə, son vaxtlar cənab Ərdoğanın yenidən prezident seçiləcəyi ilə bağlı Qərb mətbuatında iddialar getdikcə çoxalır. Məsələn, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “The Daily Telegraph ” qəzetində yazır ki, 2023-cü ildə Türkiyənin NATO-dakı üzvlüyü müzakirəyə çıxarılmalıdır. Niyə? Çünki Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün bəlli şərtlər irəli sürüb. Üstəlik, Türkiyə Rusiya ilə yaxın münasibətdədir. O yazır: “Təəssüf ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – ehtimal ki, saxtakarlıq yolu ilə – iyunda keçiriləcək seçkilərdə yenidən seçiləcək. Belə bir təqdirdə, 2023-cü ildə Türkiyənin NATO-ya üzvlüyü şübhə altına düşəcək”.

 

Görünən odur ki, Türkiyə lirəsinin kəskin ucuzlaşması əvvəl prezident Ərdoğanın əleyhinə işləyirdi, indi isə bu amil Türkiyəyə böyük üstünlüklər verir. Müvafiq olaraq cənab Ərdoğanın yenidən prezident seçilmək şansını artırır…

 

Elbəyi Həsənli, Sürix

Mənbə

Share: