Türk liderlərinin növbəti görüşü Qarabağda KEÇİRİLƏCƏK?

Ötən həftə Türk dünyası üçün əlamətdar hadisə ilə yadda qalıb. Özbəkistanın Səmərqənd şəhərində bir araya gələn Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri birlik, həmrəylik mesajları verərək, Türk dünyasını təmsil edən təşkilatın fəaliyyətində artıq yeni mərhələnin başlandığını bəyan edib, qarşıda böyük hədəflərin olduğunu vurğulayıblar.

 

Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümündən söz açıb. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini bildirərək, digər türk dövlətlərinin liderlərini də 30 illik işğal dövründən sonra yenidənqurma prosesinin icra olunduğu ərazilərimizə dəvət edib. Prezident, həmçinin Qarabağdakı tikinti prosesinə Özbəkistan və Qazaxıstanın töhfə verməsini yüksək qiymətləndirib.

 

Liderlərin Səmərqənd görüşü barədə Modern.az-a danşan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü böyük tarixi əhəmiyyət daşıyır.

 

Onun sözlərinə görə, bu görüş təkcə türk dövlətləri arasındakı əlaqələrin yüksək səviyyəyə qaldırılması baxımından deyil, həm də düzəni pozulmuş dünyanın nizama salınması, harmoniya yaranması baxımından böyük əhəmiyyətə malikdir:

 

 

“2009-cu ildə Naxçıvanda cənab Prezidentin təşəbbüsü ilə yaradımış Türk Şurası ötən il Türkiyədə keçirilən Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına çevrildi. Bu, dünyada yeni nüfuzlu təşkilatın yaranması deməkdir. Eyni zamanda türkdilli xalqların inteqrasiyasının, mədəni əlaqələrinin, iqtisadi, sosial-siyasi münasibətlərinin yeni mərhələyə qalxması demək idi”.

 

Komitə sədrinin fikrincə, Səmərqənd görüşündə son zamanlar dünyada və regionda gedən proseslər müzakirə edilməklə yanaşı, Türk dövlətləri arasında strateji əməkdaşlıq səviyyəsində münasibətlərin qurulmasına dair fikir mübadiləsi aparılıb:

 

“Görüşdə çıxış edən istər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, istər digər ölkələrin rəhbərləri, o cümlədən, cənab Prezident İlham Əliyev olduqca aktual və tarixi əhəmiyyətli məsələləri irəli sürdülər. Çıxışlarda xüsusilə bizim bölgə ilə əlaqədar iqtisadi münasibətlərin gücləndirilməsi və Türk dövlətlərinin dünyaya çıxışının birgə təmini məsələsinə toxunuldu. Heç şübhəsiz, qədim İpək Yolunun Azərbaycan üzərindən bərpası və yaxın günlərdə açılacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Türk dövlətlərinin həm inteqrasiyasının, həm iqtisadi əlaqələrinin genişlənməsinə təkan verəcək. Bu həm də dünyanın Türk dövlətləri vasitəsilə ticari münasibətlərinin genişlənməsinə səbəb olacaq. Bununla yanaşı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, tarixi ənənələrin bir-birinə ötürülməsi məsələləri aktualdır”.

 

Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyev Səmərqənddə çox önəmli məsələləri gündəmə gətirib:

 

“Ən vacib məqamlardan biri məhz Türk dövlətlərinin hüdudlarından kənarda yaşayan   soydaşlarımızın durumu ilə bağlı idi. Prezident onlara dəstək verilərək Türk dövlətlərinə inteqrasiyası məsələsinə toxundu. Cənab Prezident çıxışında açıq şəkildə  söylədi ki, Azərbaycanın hüdudarından kənarda yaşayan milyonlarla azərbaycanlı bir çox hüquqlarından məhrumdurlar. Heç şübhəsiz ki, bunların böyük əksəriyyəti, 30 milyona yaxını İranın tərkibində yaşayan Azərbaycan türkləridir. Əfsuslar olsun ki, İran əhalisinin yarısından çoxunu təşkil etmələrinə baxmayaraq, hələ də onların öz dilində yazıb, oxuma imkanları yoxdur. Bu, insan haqlarının kobudcasına pozulmasıdır. Əlbəttə, biz onların bəşəri haqlarını əldə edə bilmələri üçün öz təsir dairəmizdə fəaliyyətlər göstərməliyik. BMT səviyyəsində də bu məsələni qaldırmaq olar”.

 

Parlamentari düşünür ki, hüquqları pozulmuş şəxslər üçün inteqrasiya imkanları yaradılmalıdır:

 

“Bu məqsədlə təşkilata üzv ölkələrdə türklərin güzəştli şərtlərlə təhsil almaq imkanları, iş qurmaq imkanları yaradılmalıdır. Turistik, mədəni əlaqələrinin stimullaşdırılması üçün təkanverici tədbirlər görülməlidir. Eyni zamanda, hesab edirəm ki, təkcə Azərbaycan və Türkiyə diasporunun deyil, bütövlükdə türk dövlətlərinin birgə diaspor fəaliyyətinin əlaqələndirilməsi də vacib məsələ olaraq qalır”.

 

“Cənab Prezidentin digər çıxışı Zəngəzur dəhlizi və işğaldan azad edilmiş ərazilərlə bağlı olub. O, türk dövlətləri başçılarını Şərqi Zəngəzura və Qarabağa dəvət edib. Arzu edirəm ki, növbəti Zirvə toplantılarından biri Qarabağda keçiriləcək. Füzulidə Özbəkistan və Qazaxstanın təşəbbüsü ilə məktəb və mədəniyyət mərkəzlərinin açılması düşünürəm ki, digər türk dövlətləri və onların sahibkarları üçün yaxşı bir nümunədir. Ümumilikdə, Səmərqənd görüşünü çox əhəmiyyətli və irəliyə atılmış addım kimi dəyərləndirirəm”,- deyə M.Quliyev fikirlərini tamamlayıb.

Mənbə

Share: