Türkiyə S-400-ləri Azərbaycanda yerləşdirə bilər?

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 hava müdafiə sistemlərini almasına uzun müddətdir ki, etiraz edir. Rəsmi Ankara S-400 sistemləri ilə bağlı Vaşinqtona güzəştə getmək istəməsə də, müttəfiqini itirmək də istəmir. Son günlər yayılan bəzi xəbərlərə görə Türkiyə həm Rusiya, həm də ABŞ-la münasibətləri qorumaq üçün adıçəkilən sistemləri daha fərqli regionlara köçürmək niyyətindədir. Maraqlıdır, Türkiyə S-400 sistemlərini Azərbaycanaa yerləşdirə bilər?

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən siyasi ekspert Vüqar Zifəroğlu deyib ki, Türkiyə S-400 hava müdafiə sistemləri ilə bağlı ABŞ-a güzəştə getməyəcək, lakin onu büsbütün küsdürmək də istəmir.

O bildirib ki, S-400-lər Türkiyə üçün hazırda başlıca prioritet məsələdir:

“Ərdoğan dəfələrlə bu məsələ haqda öz fikirlərini bildirib. Aydın məsələdir ki, Türkiyə heç bir halda S-400 sistemlərindən imtina etməyəcək. Bu barədə ABŞ-a güzəştə getməyə hazır olması isə sadəcə, ortaya atılan iddiadır. İddianın məqsədi də Türkiyənin reaksiyasını öyrənməkdir.

Türkiyə S-400 sistemlərini almaq məcburiyyətində idi. Rəsmi Ankara hava məkanını xarici düşmənlərdən qorumaq üçün bu addımı atmalı idi. Lakin qeyri-obyektiv səbəblərdən ABŞ Türkiyənin S-400 sistemlərini almasına qarşıdır.

Düzdür, Türkiyə artıq uzun müddətdir ki, bu sistemləri alıb, lakin rəsmi Vaşinqtonun etirazları və bu istiqamətdə tədbiq etdiyi sanksiyaları dayanmır. Digər tərəfdən, rəsmi Ankara ABŞ-la münasibətlərin korlanmasını istəmir.

Buna görə də hazırda bəzi iddialar səsləndirilir ki, Türkiyə həm Moskva ilə, həm də Vaşinqtonla münasibətlərin pisləşməməsi üçün S-400 sistemlərini nisbətən uzaq yerlərə, məsələn, Şərqi Aralıq dənizi, Egey, Kipr adası və s. yerləşdirməyi düşünür. Təbii ki, bunlar ehtimallardır və bu ehtimallardan biri də Azərbaycan olaraq göstərilir”.

Politoloq bildirib ki, bütün bunların yersiz və boş təhlillər olduğunu düşünür:

“Çünki indiki halda Türkiyənin S-400 sistemlərini Azərbaycanda yerləşdirməsinə səbəb yoxdur. Yəni Türkiyə Qafqazdan özü üçün potensial təhlükə gözləmir. Türkiyə üçün ən ehtimal təhlükə ya İraqdan, ya da Suriya ərazisindən ola bilər.

Digər tərəfdən, bu versiyə həm də Moskva ilə Ankara arasında problem yarada bilər. Kreml S-400-ləri Ankaraya ona görə verməyib ki, Türkiyə onları Qafqaza yerləşdirsin.

Düşünürəm, bu iki ölkə arasında gərginlik yaratmaq istəyən qüvvələrin növbəti sözlü müdaxiləsidir”.

Share: