Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi peyvəndləmə aparmaq üçün Çində istehsal olunan “Sinovac” vaksininin tətbiqinə hazırlıq işləri başa çatıb. Bu gün kütləvi vaksinasiyaya start veriləcəyi gözlənilir.
Milletinsesi.az xəbər verir ki, ilk olaraq səhiyyə işçiləri peyvəndlənəcək. Xəstəxanalarda vaksinasiya üçün xüsusi otaqlar yaradılıb. Bu məqsədlə tibb işçiləri internetlə qeydiyyatdan keçərək müəyyən edilmiş vaxtda müraciət edəcəklər. Hər kəsə 28 günlük fasilə ilə iki doza vaksinin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Çində istehsal olunan “Sinovac” vaksinindən 50 milyon doza sifariş edib. Ölkəyə gətirilən 3 milyon vaksin laboratoriya yoxlamalarından keçirilib və müəyyən olunmuş formada vilayətlər üzrə paylanılıb.